Xəbər verdiyimiz kimi, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu imtahanda istifadə olunmuş ixtisas suallarını ictimaiyyətlə bölüşüb.
120 dəqiqə davam edən imtahanda ümumi 60 sual verilib.
Azərbaycan dili üzrə ixtisas suallarının sayı 25, riyaziyyat üzrə 25 və tədris metodikası və təlim strategiyaları üzrə isə 10-a bərabər olub.
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanının 3663 nəfərin iştirak etdiyi 1-ci seansında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
İbtidai sinif – Azərbaycan dili
İbtidai sinif – Riyaziyyat
Qeyd edilib ki, tədris metodikası və təlim strategiyalarına aid suallar bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.
Xatırladaq ki, iyunun 8-də təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3909-u (3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi) keçid balını toplaya bilməyib.