Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı yayda “yapışqana çevrilir”: Onlar nə işə yarayır, cərimə yığmaqla məşğuldurlar  - FOTO

 

Paytaxt sakinləri şəhərin müxtəlif hissələrində əkilən tut ağaclarının ətrafı çirkləndirməsindən narazıdır.

Tutdan istifadə rayon yerlərindəki kimi geniş yayılmadığından bar verən meyvələr asfalt örtüyünün, avtomobillərin üzərinə tökülür. Asfaltda yapışqan təbəqə əmələ gətirir.
Təəssüf ki, çirklənmiş yerlər isə heç bir qurum tərəfindən təmizlənmir.

Mövzu ilə bağlı danışan memar Elçin Əliyev hesab edir ki, bu işlə yaşıllaşdırma idarələri məşğul olmalıdır.

"Amma bu qurumlar heç bir iş görmür. Tut ağacı mövcud problemlərdən sadəcə biridir.
Bu gün Bakıda yol kənarlarında ağaclar əyri-üyrü, baxımsız vəziyyətdədir. Avropa şəhərlərinə gedəndə baxırsan ki, yol boyu dübbədüz qəşəng ağaclar var.
Şəhərimizin belə gözəl memarlığı var, amma yol kənarlarındakı ağaclar Bakının bütün görüntüsünü korlayır. 
Yaxşı mənada bir nümunə çəkim. Məsələn, Azərbaycan prospektində 5-6 il bundan əvvəl yeni ağaclar əkiblər. Baxın, necə gözəl görünür. Ağaclar dübbədüz, hamısı eyni tipdə, amma İstiqlaliyyət küçəsində ağacların biri uzun, biri balacadır".

Memar bildirib ki, şəhər yerində tut ağaclarının əkilməsi məqbul deyil:

"Təbii ki, tut ağacları şəhərə yaramaz. Tez-tez şəhərin mərkəzində olarkən görürəm ki, Bakının mərkəzi küçələrdə döşəmələr dəyişdirilir. Məsələn, Bülbül prospekti ilə Xəqani küçəsinin kəsişməsində dövlət döşəməni qranit olanlarla əvəzləyib, amma tut ağacı pis günə qoyur. Axı buna kimsə nəzarət etməlidir. Əgər bu problemlər həll edilmirsə, onda yaşıllaşdırma idarəsi nəyə lazımdır?
Düşünürəm ki, o ağaclar çıxarılmalıdır.

Ümumiyyətlə, Bakıda ağacların hamısı fərqlidir, mərkəzin görünüşünü çox korlayır. Mən olsam, bu ağacları dəyişdirərdim.
Bəlkə də, bu ağaclar böyük güldanların içərisində əkilməlidir ki, lazım olanda çıxarmaq mümkün olsun. Bir çox Avropa şəhərlərində belə edirlər, lazım olanda yerini dəyişirlər. Belə olanda şəhərdəki işıq, su, internet xətlərini təmir etmək üçün ağacları sürüşdürmək də olur. 

Təəssüf ki, aidiyyəti qurumlar ancaq camaatı güdüb cərimə yığmaqla məşğuldur. Amma kiməsə lazım olanda onlarla ağac kəsiləndə heç reaksiya vermirlər".

Billurə Yunus




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də