Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına “Ali təhsil haqqında” qanun layihəsi daxil edilsə də, yenə də plenar iclasa çıxarılmadı. Qeyd edək ki, bu qanun qəbulu ən çox gecikən layihələrdən biri hesab edilir. Layihə artıq 5-ci sessiyadır işlər planına salınsa da, müzakirə olunmayıb. Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb, işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib.
Bəs qanun layihəsinin qəbulu niyə gecikir?
Milli Məclisin deputatları bir neçə dəfə çıxışlarında bildiriblər ki, Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsini və qəbulunu gecikdirən tərəf Milli Məclis deyil. Aidiyyəti qurumlara müraciət edərək, prosesi tezləşdirməyə çağırıblar.
Ötən sessiyalarda qeyd edilib ki, “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb.
Müvafiq qurumların, universitetlərin, təşkilatların da rəyləri alınıb. Bunun üçün Milli Məclisdə ictimai dinləmə də keçirilib. Deputatlar hesab edir ki, Milli Məclis üzərinə düşən işləri görüb və yerinə yetirib. Digər qurumlar sənədə baxıb, rəylərini verib, prosesi tezləşdirməlidir.
Milli Məclisin Elm və təhsil komitəsinin bu il yaz sessiyasının iclasında sədr Bəxtiyar Əliyev bildirib ki, ötən ilini noyabr ayının sonunda bu qanun layihəsinin birinci oxunuşu üçün iclas nəzərdə tutulurdu.
"Bildiyiniz kimi, müvafiq icra orqanlarına təklif və rəylər üçün göndərmişdik. Onlardan bizə çoxlu təkliflər daxil oldu. Nazirliklə məsləhətləşmələrdən sonra qərara gəldik ki, bir neçə müvafiq icra hakimiyyəti orqanlarına qanun layihəsini yenidən göndərək. Amma düşünürəm ki, yaz sessiyası çərçivəsində biz qanun layihəsini müzakirəyə çıxara biləcəyik. Bilirik ki, bütün ali təhsil müəssiələri bu qanun layihəsinin qəbul olunmasını gözləyir”,- deyə komitə sədri bildirib.
Milli Məclis tərəfindən bu qanunla bağlı müəyyən dinləmələr keçirilsə də hələ də qanunverici orqan və nazirlik arasında uyğunsuzluq davam edir.
“Ali təhsil haqqında” qanun layihəsində nələr əksini tapacaq?
Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.
Eyni zamanda universitetlərin statusu, diplomların tanınması, distant təhsil, sosial yataqxanalar, ikili diplomlar, doktorantura səviyyəsinin birmərhələli olması, tələbələrin köçürülməsinin yeni qaydaları və s. haqqında vacib məsələlər yer alacaq.
Qanun layihəsi bu il qəbul olunacaq?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a bildirib ki, Milli Məclis üzərinə düşən vəzifəni icra edib:
“Milli Məclis bu qanunu qəbul etməyə hazırdır, dəfələrlə qanun layihəsi müzakirə olunub. Qanunverici orqan tərəfindən qanun layihəsi universitetlərin rektorlarına göndərilib, müzakirə olunub. Burada artıq məsuliyyət nazirliyin üzərinə düşür. Qanunun qəbul olunmasında nazirlik fəal olmalıdır. Görünən odur ki, nazirliyin hələ də bəzi tərəddüd və narahatlıqları var. Ona görə də hələ qanunun Milli Məclisdə müzakirəsini istəmirlər. Amma qeyd edim ki, qanun layihəsinin qəbulu ictimaiyyət tərəfindən səbirsizliklə gözlənilir. Qanunun qəbulunun gecikməsi sadəcə təhsilin inkişafına zərbə vurur”.