Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana ad günü münasibətilə təbrik məktubu göndərib.
Putin təbrikində Rusiya-Ermənistan münasibətlərinin çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını bildirib.
“Biz bu münasibətlərin hər iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da uğurla inkişaf etməsinin tərəfdarıyıq.
Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”, - Putin bildirib.
Bununla yanaşı, Vladimir Putin Paşinyana telefon zəngi də edib.
Rusiya prezidenti telefon danışığı zamanı Ermənistanın baş nazirini bir daha təbrik edib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Rusiya prezidenti Ermənistanın baş nazirini ad günü münasibətilə təbrik edib. Nikol Paşinyan təbrikinə və xoş arzularına, həmçinin "Rusiya Dəmir Yolları" QSC-yə mayın 25-26-da baş vermiş daşqın nəticəsində Lori bölgəsində dağılmış dəmir yolunun hissələrinin tezliklə bərpası üçün verdiyi göstərişə görə Rusiya prezidentinə təşəkkür edib”.
Nikol Paşinyan 1 iyun 1975-ci ildə Ermənistan Tavuş regionunun İcevan şəhərində anadan olub.