Avtobusların bəzilərində isti hava şəraiti ilə əlaqədar kondisionerlər istifadəyə verilməyə başlanılıb.
Maraqlıdır metroda nə zamandan kondisionerlər istifadəyə veriləcək?
Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" ilə əlaqə saxladıq.
Məsələ ilə bağlı danışan qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, sabahdan Bakı metropoliteninin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçiriləcək:
“Ventilyatorların yeni qrafikinə əsasən, stansiyaların gün ərzində havalandırılması yay fəslinin orta temperatur rejiminə uyğun olaraq tənzimlənəcək. Bununla yanaşı, gündəlik monitorinqlər və hava proqnozu ilə bağlı rəsmi məlumatlar diqqətdə saxlanılaraq, əlavə tədbirlərin görülməsi nəzərdə tutulacaq.
Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir.
İyun ayından başlayaraq stansiya və tunellərin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək. 2023-cü ilin yay aylarından, Bakı metropolitenində bütün tunellərin üfürülməsi ilə bağlı sınaqlar, müşahidələr aparılaraq, monitorinqin nəticələri əsasında tunellərdə mikroiqlim sisteminin vəziyyəti təhlil edilib. Ötən müddətdə bu yeniliyin effektivliyi müəyyən edildiyindən yay fəslində davamlı və sistemli tətbiqi barədə qərar qəbul edilib.
Stansiya və tunellərdə havanın hərarəti ilə yanaşı, sanitariya və gigiyena şəraitinə təsir edən amillərin də diqqətdə saxlanılması biomühitin tarazlığının mühafizəsi və yaxşılaşdırılmasında mühüm rol oynayır. Verilmiş qərara əsasən, həftənin istirahət günlərinin gecə növbələrində olmaqla, Yaşıl və Qırmızı xətlərdə ventilyatorlar xüsusi qrafiklə çalışdırılaraq tunellərin üfürülməsi təmin ediləcək. Prosesdə stansiyalarda açıq sahələrin imkanlarından da geniş istifadə olunacaq. Bütün prosesə müvafiq sahələrin rəhbər və mütəxəssis heyəti nəzarət etməklə, işçi qrupların müntəzəm monitorinqləri aparılacaq".