Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
25 yaşlı idmançı finalda kanadalı Şeydi Əl-Nahasla üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçu dünya çempionu olub.
2015-ci ildə yeniyetmələrdən ibarət yığmamıza cəlb edilən Zelim Kotsoyev Azərbaycan cüdo məktəbinin yetirməsi hesab olunur.
Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə ilk qızıl medalı Hidayət Heydərov (73 kiloqram) qazandırıb.