Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Emin Əmrullayev Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü

Emin Əmrullayev Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü
Elm və təhsil naziri Emin Əmrullayev mayın 19-dan 21-dək London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak üçün Birləşmiş Krallıqda işgüzar səfərdədir.

 Elm və Təhsil Nazirliyindən bildirilib ki, səfər çərçivəsində nazir Böyük Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

 Görüşdə Emin Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib. Xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı layihələrdən bəhs edən nazir növbəti tədris ilindən Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti barədə də danışıb. Nazir bildirib ki, məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir.

 Bundan əlavə, xaricdə təhsil üzrə dövlət və ikili diplom proqramları, beynəlxalq təhsil layihələri barədə məlumat verən nazir Azərbaycanda doktorantura təhsilinin inkişafı sahəsində görülən işlərdən söz açıb.

 

Emin Əmrullayev dövlət proqramları çərçivəsində azərbaycanlı tələbələrin daha çox dünyanın ən nüfuzlu universitetlərində təhsil almasının sevindirici hal olduğunu vurğulayıb. Nazir bu göstəricinin növbəti illərdə də artan dinamika ilə davam edəcəyinə ümidvar olduğunu söyləyib.

 

Görüşün sonunda nazir tələbələrin suallarını cavablandırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də