Ağcabədi rayonunun Boyat kəndində faciə yaşanıb. Kənd sakinləri Emil Hümbətov və Filiz Hümbətova dəm qazından zəhərlənib.
Məlumata görə, Emil Hümbətov vəfat edib, Filiz Hümbətova isə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Ağcəbədi İcra Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gülnarə Məmmədova açıqlamasında bildirib ki, dəm qazından zəhərlənən azyaşlılar bacı-qardaşdırlar.
“Hadisə gecə yatdıqları yerdə baş verib. Bacı-qardaş eyni otaqda olub. Ata da evdə, digər otaqda yatıb. Uşaqların anaları yoxdur. Gecə sobanı yandırıb yatıblar. Sobanın borusunda quş yuvası olub, o yuva havanı tutub. Nəticədə dəm qazı yaranıb, otağa zəhərli qaz buraxıb. Uşaqların ikisi də boğulub", - o qeyd edib.
Məlumata görə, azyaşlıların hər ikisi orta məktəbdə oxuyurlar:
"Oğlan 2010-cu il təvəllüdlü, qız isə 2008-ci ildəndir. Oğlan artıq rəhmətə gedib. Qızın vəziyyətinin ağır olduğu deyilir. Ağcabədi Rayon Xəstəxanasındadır".