"Azərbaycan Ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, tarixi ədaləti, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməsi nəticəsində öz rüsvayçı missiyasını başa vurmuş ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsas qayəsi torpaqlarımızın işğalı və ilhaqının legitimləşdirilməsi üçün əlverişli zəmin hazırlamaqdan ibarət idi. Prezident İlham Əliyevin Şuşaya ilk köç edən ailələrlə görüşündəki nitqində qeyd etdiyi kimi, onlar Azərbaycan torpaqlarını ermənilərə vəd vermişdilər. Lakin Ali Baş Komandanın iti zəkası və qətiyyəti, Ordumuzun rəşadəti bu mənfur planın üzərindən xətt çəkdi".
Bu sözləri millət vəkili Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, vaxtilə Azərbaycanı təslimçi sülhə sövq etmək üçün ölkəmizə qarşı davamlı təxribat kampaniyaların təşkilatçısı olan ölkələrin bu gün ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası ilə barışa bilməmələrinin, yaxud zorən, candərdi barışmaq məcburiyyətində qalmalarının, hazırda sərgilədikləri beynəlxalq hüquq prinsiplərinə zidd, qərəzli, aqressiv, siyasi əxlaqdan kənar davranışlarının səbəbi də budur:
“Vaxtilə bəşəriyyətin üz qarası olan Mixail Qorbaçov, daha sonra isə Boris Yeltsin bəzi Qərb dövlətlərinin, o cümlədən Fransa və ABŞ-ın təhriki ilə Azərbaycan torpaqlarını ermənilərə vəd vermişdilər. Hazırda Azərbaycana qarşı çıxış edənlər də yenə həmin təhrikçilərdir. Bu prosesdə, hələ də bəşəriyyətin utanc yeri olan müstəmləkəçilik siyasətini davam etdirən Fransa dayanır. 44 günlük müharibənin ilk günündən başlayaraq, özünü və ölkəsini dünyanın gülüş hədəfinə çevirən Emmanuel Makron sakitləşmək bilmir, xalqımızın, dövlətimizin milli iradəsini sınağa çəkmək, himayə etdiyi Ermənistanın timsalında bölgədə yenidən münaqişə mənbəyi yaratmaq istəyir. Amma heç kim, cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycanın iradəsi olçadan Cənubi Qafqazda cərəyan edən proseslərə təsir göstərə bilməz və buna cəhd edənlər geridə qalan zaman kəsiyindən nəticə çıxarmalıdırlar. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil”.
Azər Kərimli bildirib ki, işğaldan azad olunan ərazilərimizdə sürətli və bütün dünyanı heyrətə gətirən quruculuq-bərpa işləri həyata keçirilir, həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdırlar:
“Şuşa, Ağdam, Füzulu, Zəngilan və işğaldan azad etdiyimiz digər şəhər və rayonlarımız beynəlxalq tədbirlərə ev sahibliyi edirlər. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, döst, qardaş dövlətlərin rəhbərləri, nüfuzlu siyasətçilər, elm və mədəniyyət xadinləri, beyin mərkəzlərinin təmsilçiləri və rəhbərləri, nəhəng media resurslarının nümayəndələri işğaldan azad edilmiş ərazilərimizə səfər edir, beynəlxalq forumlarda, konfranslarda iştirak edirlər. İndi hansısa ölkənin səfiri Şuşaya getmək üçün özünü naza qoyursa, bu, bizi qətiyyən narahat etmir. Azərbaycan xalqı bütün dünyanın gözü qarşısında tarixi ədaləti öz canı, qanı bahasına bərqərar edib. Biz indiyədək kimsənin minnətini götürməmişik, götürməyəcəyik də. Fransa səfirinin, yaxud bir başqasının Şuşaya getməsi, yaxud getməməsi heç nəyi dəyişmir və dəyişməyəcək də. Azərbaycan torpaqlarında söz sahibi Azərbaycan xalqı və dövlətidir”.
Xəbəri paylaş