Rusiyadakı məşhur “Çerkizovski” bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesmen bazara nəzarəti ələ keçirmək, onun genişləndirilməsi və mənfəətin yenidən bölüşdürülməsi məqsədi ilə törədilmiş bir sıra qətllərdə iştirak edib.
Telman İsmayılovun iddia edilən qurbanları arasında 1996-cı ildə pulemyotla güllələnən nüfuzlu dağ yəhudiləri Tair və Telman Qurşumov qardaşları da var. Qardaşlardan biri aldığı yaralardan dünyasını dəyişib.
Məlumata görə, Telman İsmayılovun cinayət işində yeni epizodların yaranması Basmannı rayon məhkəməsinin Çeçenistandan olan keçmiş ÇSKA güləşçisi Tarxan Eldukayevin həbs müddətinin üç ay uzadılması barədə qərarı zamanı ortaya çıxıb. Eldukayev Telman İsmayılovun ən yaxın adamlarından biri hesab edilir.