Elm və Təhsil Nazirliyinin kollegiyasının təsdiqlədiyi qərarla təhsil proqramı (ixtisas) təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır.
Təhsil proqramı (ixtisas) ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı və cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir.
Təhsil proqramı (ixtisas) yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, rəqabət mühitində və informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmalıdır.
Həmçinin təhsil proqramı (ixtisas) adına və təlim nəticələrinə görə digər təhsil proqramının (ixtisasın) adını və təlim nəticələrini (təhsil proqramı və fənlər/modullar üzrə təlim nəticələrinin, təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 50 faizi fərqli olmalıdır) təkrarlamamalıdır.
Təhsil proqramının (ixtisasın) təlim nəticələrinə uyğun peşələr üzrə peşə və kvalifikasiya standartları olmalı, təhsil müəssisəsi təhsil proqramına (ixtisasa) uyğun olaraq tədris prosesini həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz olunmuş auditoriyaya (təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanıldığı halda - hər bir tələbəyə düşən faydalı sahə 1,5 kvadratmetr və auditoriyaların sayı əyani təhsilalma forması üzrə mövcud olan tədris qruplarının sayının 50 faizdən az olmamaqla), laboratoriyalara, emalatxanalara, fənn kabinetlərinə və sair maddi-texniki bazaya və infrastruktura malik olmalıdır.
Eyni zamanda təhsil müəssisəsinin təhsil proqramına (ixtisasa) uyğun tədris-metodiki, elmi-tədqiqat və informasiya resursları və elmi-pedaqoji/mühəndis-pedaqoji (təsnifatda mövcud olan ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanıldığı və təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının adı dəyişdirilmədən məzmununun dəyişdirilməsi hallarında – ixtisasın tədris planına uyğun birinci tədris ilində əsas iş yeri üzrə tədrisə cəlb olunacaq elmi-pedaqoji/mühəndis-pedaqoji heyətin ən azı 50 faizi öncədən müəyyən olunmalıdır) heyəti olmalıdır.