Qazaxıstan Respublikası Milli Statistika Bürosu ölkə ərazisində yaşayan etnik qrupların nümayəndələrinin sayını açıqlayıb.
Bu barədə "Kazinform" məlumat yayıb.
Qazaxlar və ruslar istisna olmaqla, bütün etnik qruplar arasında yalnız özbəklər yarım milyonluq həddi keçib. 2024-cü il yanvarın 1-nə onların sayı 660,6 min nəfər olub. Özbəklərə ən yaxın olanlar ukraynalılar (375,9 min), uyğurlar (301,6 min), almanlar (224,3 min) və tatarlardır (219,2 min).
Koreyalılardan bir qədər çox azərbaycanlı var. Belə ki, 120,3 min nəfər koreyalı, 152,8 min azərbaycanlı Qazaxıstandadır. Türklər (90 min), dunqanlar (83,9 min) və belaruslar (75 min) da var. Taciklər və kürdlər demək olar ki, say etibarilə yaxındırlar: müvafiq olaraq 55,9 min və 50,3 min nəfər. Eyni şeyi çeçenlər (34,7 min) və polyaklar (34,6 min) haqqında da demək olar.
Etnik qrupların ümumi sayında qadınların cüzi üstünlük təşkil etməsi ümumiyyətlə adi haldır. Bununla belə, Qazaxıstandakı azərbaycanlılar ümumi tendensiyadan açıq şəkildə fərqlənirlər, üstünlük kişilərin tərəfindədir - 51,5% və 48,5%.
Qazaxıstanda demək olar ki, hər beşinci nikah millətlərarasıdır. Demək olar ki, bütün əsas etnik qrupların nümayəndələri şəhəri kənddən üstün tuturlar. Yalnız türklər, dunqanlar, taciklər, kürdlər və qaraqalpaqlar istisnadır.
Etnik tərkibinə görə ən homogen olan regionlar Qızılorda, Atırau və Manqistau bölgələridir. Onların hər birində qazaxlar ümumi əhalinin 90%-dən çoxunu təşkil edir. Eyni zamanda, ölkə üzrə orta müvafiq pay 71% təşkil edir.
İl ərzində qazaxların sayı 254,4 min nəfər artaraq 14,2 milyon nəfərə çatıb. Digər etnik qruplar arasında özbəklər (+17,2 min), uyğurlar (+4,4 min), azərbaycanlılar (+2,4 min) və taciklər (+2,4 min) fərqlənirlər.