Mart ayında Azərbaycanda 2023-cü ildə qeydiyyata alınan 26 siyasi partiyadan 25-i maliyyə hesabatı versə də, Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) maliyyə hesabatı verməyib.
Aprelin 1-dəməsələnin səbəbini öyrənmək üçün AXCP ilə əlaqə saxlamışdı. AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov saytımıza açıqlama vermiş və hesabatla bağlı gecikmənin olduğunu təsdiqləmişdi. "Obyektiv səbəblərdən maliyyə hesabatında gecikmə oldu. Bu gün təqdim olunacaq",- o deyib.
Ancaq Mərkəzi Seçki Komissiyasının saytında hələ də partiyanın hesabatı görünmür.
AXCP sədrinin müşaviri Məmməd İbrahim saytımıza açıqlamasında bildirib ki, təqdim etdikləri hesabat köhnə qaydalarla təqdim edildiyi üçün qəbul edilməyib.
"Biz maliyyə hesabatını bir müddət əvvəl MSK-ya təqdim etmişdik. Orada bizə maliyyə hesabatının yeni qaydaları olduğundan bəhs etdilər. Biz isə köhnə qayda ilə təqdimatı etmişdik. Onsuz da bizim gəlirlərimiz sıfırdır. Heç bir şey yoxdur. Bir sözlə, boş hesabatdır. Lakin qəbul etmədilər. Ona görə hesabatı yenidən hazırlayıb təqdim edəcəyik".