“Aprelin 25-də Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı yerli medianın sualına cavabında deyib.
“Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib.
Bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil.
Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar.
Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır.
Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir.
Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, aprelin 25-də Avropa Parlamenti Azərbaycanı hədəf alan qətnamə qəbul edib.