Globalinfo.az Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyevlə müsahibəni təqdim edir:
– Cavanşir müəllim, Globalinfo.az saytının redaksiyasına xoş gəlmisiniz. Sizi burda salamlamaq və redaksiya mühitində həmsöhbət olmaq bizim üçün xoşdur. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.
– Çox sağ olun. Dəvətiniz üçün minnətdaram.
– Aprelin 5-də Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupa rəhbər seçildiniz. Siz bu işçi qrupun yaradılmasını tarixi hadisə adlandırmısınız. Azərbaycan üçün Şimali Kipr Türk Cümhuriyyətinin önəmi, əhəmiyyəti nədir? Dünya tərəfindən tanınmayan bu dövlət rəsmi Bakının diqqətini yalnız etnik məsələlərə, soy birliyinə, türk amilinə görə çəkir, yoxsa burda başqa amillər də var?
– Şimali Kipr Türk Cümhuriyyəti ilə parlament ölçüsündə rəsmi münasibətlərin yaranması doğrudan da tarixi hadisədir. Burada diqqət yetirilməli olan əsas məqam heç də sadəcə soy birliyimiz və etnik zəmində qohumluğumuz deyil. Əgər bu amilə əsaslansaq, təkcə Rusiya Federasiyası daxilində bir neçə muxtar respublika və ya vilayət statusunda tanınmış türk soylu rəsmi dövlət qurumları var. Amma onlarla Milli Məclis arasında ayrıca parlamentlər arası işçi qruplar yaradılmayıb. Şimali Kiprlə belə bir qarşılıqlı münasibətlərin yaradılması beynəlxalq siyasətdə ədalətin təmin olunması zərurətindən irəli gəlir. Bu zərurəti əsaslandırmaq üçün adanın yaxın tarixindən bir misal göstərmək istəyirəm. 24 aprel 2004-cü il tarixində BMT-nin keçmiş Baş Katibi Kofi Annanın planına uyğun olaraq Kipr adasının yunan və türk bölümlərində eyni zamanda adanın birləşdirilməsi və vahid respublika qismində AB-ə üzv qəbul edilməsi ilə bağlı referendum keçirilmişdi. Referendumun nəticələrinə görə Kipr türklərinin 89 %-i həmin referendumda iştirak etmişdi və onların da 65%-i yunanlarla birgə yaşayışın lehinə səs vermişdilər. Kipr yunanlarının isə 76%-i bunun əleyhinə olduqlarını ifadə etmişdilər. Nəticədə Kipr yunanlarının maraqları əsas götürülərək adanın birləşdirilməsi baş tutmadı. Digər bir qərarla Kiprin yalnız yunanlar yaşayan hissəsi AB-ə üzv qəbul olundu. Bu, Kipr türklərinə qarşı edilmiş çox böyük tarixi ədalətsizlik idi. AB-nin bu qərarından sonra Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınması üçün təkzibedilməz əsas yarandı. Ona görə hesab edirəm ki, bir halda ki adanın yunan qismi türklərlə birlikdə yaşamaqdan könüllü olaraq imtina edir və AB də öz növbəsində Kipr Respublikası olaraq yalnız adanın cənub yarısını tanıyırsa, o zaman adanın şimal hissəsində de-fakto mövcud olan Quzey Kıprız Türk Cümhuriyyəti də öz müqəddəratını müstəqil dövlət şəklində təmin etmiş olur. Bu məntiqdən çıxış edərək, bizim Quzey Kıprız Tük Cümhuriyyəti ilə birbaşa münasibətlər yaratmaq üçün kifayət qədər əsaslarımız var və heç bir dövlət buna görə bizə irad bildirməməlidir.
– Siz əsasən Avropa strukturları ilə işləyən millət vəkilisiniz. Bu istiqamətdə sistemli, ciddi fəaliyyətiniz var. Sizin Türk dünyası ilə də sıx əlaqələrinizin olduğu məlumdur. Amma ŞKTC ilə bağlı artıq rəsmi görəviniz var. Bu istiqamət sizin Avropa fəaliyyətinizə mane olmayacaq?
– Mən 2017-2022-ci illərdə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin həmsədri olmuşam və eyni zamanda 2010-cu ildən etibarən bir sıra Avropa dövlətlərinin, o cümlədən Fransa və Böyük Britaniya parlamentləri ilə işçi qrupların rəhbəri, Macarıstan, İsveçrə və Bosniya və Herseqovina kimi ölkələrlə isə parlamentlərarası işçi qrupların üzvü olmuşam. Avropa Birliyinin və ayrılıqda bir çox Avropa dövlətlərinin apardığı daxili və xarici siyasəti öyrənməyə çalışmışam və bu barədə öz qənaətlərim var. Həmin təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə parlament səviyyəsində qurduğumuz əlaqələr Avropa siyasi düşüncə tərzinə uyğundur və bu fəaliyyətə heç kim və heç nə mane ola bilməz. Bunu əsaslandırmaq üçün AB-nin özünün dünyanın bir çox bölgələrində tanınmamış siyasi qurumlarla iş birliyində olduğunu misal göstərmək kifayətdir.
– Azərbaycan Türk Dövlətləri Təşkilatı platformasında Türk dünyası ilə sıx əlaqələr qurub. Prezident İlham Əliyev inauqurasiya tədbirində ölkəmizin siyasi-ideoloji yönünü elan etdi. Bildirdi ki, bizim ailəmiz Türk dünyasıdır, başqa yerdə özümüzə ailə axtarmamalıyıq. Prezidentin belə qəti mövqe ortaya qoymasını şərtləndirən nədir? Qərbin ədalətsizliyi, anti-Azərbaycan mövqedən çıxış etməsi, yoxsa Bakının yeni sivilizasiya axtarışı?
– Ölkə başçının səsləndirdiyi fikri tarixi ədalətdən və zərurətdən doğan müasir milli-siyasi ideologiyamız hesab etməliyik. Bu yolu seçməklə biz heç də yeni sivilizasiya axtarmırıq, əksinə, minilliklər boyu mövcud olmuş öz sivilizasiyamızın mehvərinə qayıdırıq. Qərb siyasətçiləri türk sivilizasiyası ifadəsini işlətmək istəməsələr də, biz bilirik ki, əcdadlarımız siyasi, iqtisadi, sosial və mənəvi mədəniyyətlə zəngin olan bir tarix yaradıblar. Odur ki, məşhur araşdırmaçı tarixçi Qumilyov bildirirdi ki, türklərin tarixini silsək, dünyada tarix qalmaz. Dünya tarixində bu qədər mühüm rol oynamış bir sivilizasiyanı inkar etmək dünya tarixini inkar etmək olardı. Müasir dövrdə qloballaşmanın sürətləndiyi və indiyədək yaşanılmayan yeni çağırışların meydana çıxdığı bir zamanda ilk növbədə dövlətlərin müstəqillik kodlarının silinmək təhlükəsi yaranır. Bu, dünya idarəçiliyini öz əllərində cəmləşdirməyə çalışan beynəlxalq güc mərkəzlərinin maraqlarına uyğundur. Bizim maraqlarımız isə fərqlidir. Hər bir türk xalqının yaratdığı dövlət öz ərazilərində öz müstəqilliyini qoruyub saxlamaq və dünyanın yaranmaqda olan yeni düzənində özünə məxsus sivilizasiya kodu ilə yer almaq üçün böyük türk dünyası çərçivəsində birləşməli və vahid siyasi platformadan çıxış etməlidir. Bu gələcək əsrlərdə bütün türk dövlətlərinin siyasi mövcudluğunun yeganə şərti və etibarlı təminatıdır.
Davamı olacaq…
Azər Ayxan
Turan Rzayev