İsveçrə iyunun 16-17-də Luzern şəhərində Ukraynanın “sülh planını” müzakirə etmək üçün sammit keçirmək niyyətindədir.
Bu barədə "Bloomberg" nəşri yazıb.
Məlumata görə görə, sammitə 80-100 ölkə dəvət olunub. Konfransda neçə ölkə liderinin iştirak edəcəyi hələlik məlum deyil.
Bildirilir ki, əsas fikir ayrılığı Çinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlıdır.
“Ukrayna, Rusiya və Avropanın perspektivləri ilə yanaşı, Rusiyanın bu prosesə qoşulmasında əsas rol oynayacaq Qlobal Cənuba da qulaq asmaq vacibdir. Buna görə də biz Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanı ilə sıx təmasdayıq”, - İsveçrə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Nazirlikdən qeyd olunub ki, konfransın keçirilmə tarixi və yeri hələ müəyyən edilməyib. Agentliyin mənbələri də öz növbəsində bildiriblər ki, İsveçrə rəsmiləri sammitin tarixini aprelin 10-da açıqlayacaqlar.
Qeyd edək ki, yanvarda İsveçrə prezidenti Viola Amherd Ukraynanın təklif etdiyi “sülh formuluna” dair konfrans keçirməyə razılıq verib. İsveçrənin xarici işlər naziri İqnazio Kassis Rusiyanı müzakirəyə dəvət etməyə çağırıb, lakin Ukrayna prezidenti Zelenski bildirib ki, bütün ölkələr Rusiya nümayəndə heyətinin iştirakı ilə konfransda iştirak etməyə razı deyil.