Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib.
Bəs qeydiyyat prosesi nə zaman yekunlaşır?
Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, qeydiyyat prosesinin bitməsinə çox az qalıb:
"Həcc ziyarəti üçün qeydiyyat prosesi davam edir. Lakin bu il vəziyyət tamamilə fərqlidir, ciddi vaxt məhdudiyyəti var. Viza prosesi aprel ayının sonuna kimi bitməlidir. Təəssüf ki, vətəndaşlar gözləyir ki, Ramazandan sonra qeydiyyatdan keçsinlər".
Vüsal Cahangiri həcc ziyarətinin başlanma tarixindən də bəhs edib.
"Zəvvarların ilk çıxış vaxtı iyun ayının ilk on günlüyünə təsadüf edəcək",-o deyib.
Xatırladaq ki, bir müddət əvvəl qurumdan bizə nəzərdə tutulan kvotanın yarısından çoxunun dolduğu bildirilmişdi.