“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda təsdiqlənib.
Adıçəkilən qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunur ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.
Qanuna təklif edilən digər bir dəyişikliklə isə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrə birləşdiriləcək.