Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağ Evdən bir zəng… – Millət vəkili yazır…

 

Son bir neçə həftə ərzində Ermənistan cəmiyyətində yaşanan eyforiya sona çatdı. Aprelin 5-də Avropa Birliyi, ABŞ və Ermənistan arasında keçiriləcək görüşü gen-bol şərh edən erməni mətbuatı neçə müddətdir ki, hələ baş tutmamış görüşün mümkün nəticələrini şərh edirdilər. Paşinyan hökümətinin məmurları və erməni cəmiyyətinin böyük bir hissəsi Ermənistanı artıq NATO-nun və Avropa Birliyinin üzvü kimi görürdülər. Bu fonda erməni revanşistləri və separatçıları da Azərbaycana qarşı “sanksiyalara nail olmaq” və “beynəlxalq təhlükəsizlik mexanizmləri çərçivəsində Qarabağa qayıtmaq” planları qururdular.

Cəmi bir telefon zəngi bütün bu mifləri darmadağın etdi. Bu zəng Ağ Evdən gəldi. ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Prezidentinə telefon açaraq gözlənilən görüşün təfərrüatları barədə məlumat verdi və bununla da əsassız erməni təbliğatını susdurdu. Erməni cəmiyyətində yaranmış əsassız gözləntilər növbəti dəfə məyusluqla əvəzləndi.
Bu fakt ilk növbədə dəfələrlə dediyimiz bir həqiqətin təsdiqidir. O həqiqət isə bundan ibarətdir ki, Azərbaycanın iradəsi olmadan Cənubi Qafqazda heç bir layihə həyata keçirilə bilməz. ABŞ kimi dünyanın ən qüdrətli güc mərkəzinin görüşdən bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə təmas qurması və gözlənilən görüşlə bağlı Ağ Evin məqsəd və məramını izah etməsi məhz bu həqiqətin təsdiqidir. Bu fakt ölkə daxilində də Azərbaycan hakimiyyətinin xarici siyasət kursunu tənqid etməyə çalışan anti-milli ünsürlərə növbəti maariflənmə dərsi olmalıdır.

A. Blinken ABŞ-Azərbaycan münasibətlərinə də bir daha aydınlıq gətirərək ölkəmizin özlərinin etibarlı tərəfdaşı olduğunu və bir çox istiqamətlərdə, o cümlədən təhlükəsizlik məsələlərində də Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib. Bu da Azərbaycanın davamlı olaraq apardığı dərin və düzgün düşünülmüş xarici siyasətinin bəhrəsidir. Nəzərə alsaq ki, ABŞ tərəfindən səsləndirilən bu fikirlər təkcə özünün deyil, həm də Avropa Birliyinin mövqeyini əks etdirir, o zaman Cənubi Qafqaz regionunda yeni miflərə əsaslanan erməni optimizmi üçün yer qalmır.

ABŞ-Avropa Birliyi-Ermənistan görüşünün gündəliyi tam açıqlanmasa da siyasi prosesləri izləyənlər üçün kifayət qədər aydındır. Üzdə söhbətin guya Ermənistanın iqtisadi inkişafına dəstəkdən gedəcəyi bildirilsə də əslində Rusiyanın Cənubi Qafqaz bölgəsindən, daha dəqiq desək, Ermənistandan sıxışdırılıb çıxarılmasının bu görüşün əsas müzakirə mövzusu olacağı aydındır. Rusiya-Ukrayna qarşıdurmasında Ukraynaya verdiyi təminatları yerinə yetirə bilməyən Qərb Rusiyanı zəiflətmək üçün yeni yollar axtarır. Ermənistan üzərindən Rusiyaya qarşı ikinci gərginlik mərkəzinin yaradılması da bu yollardan biri ola bilər. Göründüyü kimi, əsil mübarizə bir tərəfdən ABŞ və AB, digər tərəfdən isə Ruisya, Çİn, İran və Şimali Koreya kimi qruplaşmış güclər arasında gedir. Hər iki güc tərəfinin bir-biri ilə uzlaşmayan məqsədləri və barışmaz mövqeləri var. Bu nəhənglər döyüşündə Ermənistanın nə etdiyi və nəyənail olmaq istədiyi isə sağlam məntiqə sığmır. Amma yaxın tarixə nəzər salqıqda böyük güc mərkəzləri üçün belə böhranlı vəziyytlərdə bir qayda olaraq məhz ermənilərin xəyanət xidmətindən istifadə olunduğunu görməmək mümkün deyil. I Dünya müharibəsində Antantanın xeyrinə təbəəsi olduqları Osmanlı dövlətinə qarşı xəyanət etmiş ermənilər yarımçıq da olsa yerinə yetirdikləri bu şərəfsiz missiyaya görə Azərbaycan ərazisində ilk dövlətlərini Böyük Britaniya, Fransa və Rusiyadan hədiyyə olaraq almışdılar. O zamandan 100 il keçib. Bu dəfə Rusiyanın özünün Cənubi Qafqazda qurduğu erməni dövləti Rusiyanın özünə qarşı istifadə olunmağa hazırdır. Bax, budur erməni siyasətinin xəyanətkar xisləti.

Cavansir Feyziyev

Milli Məclisin deputatı


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də