Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) yeni prezident seçilib.
Qurumun növbəti Hesabat-Seçki Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə baş tutub.
Federasiyanın yeni rəhbəri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib. O, bu posta yeganə namizəd idi.
Qeyd edək ki, AFFA-ya 2008-ci ildən indiyədək Rövnəq Abdullayev rəhbərlik edib. O, bir müddət əvvəl növbəti konfransda namizəd olmayacağını açıqlayıb.
Rövnəq Abdullayev çıxışı zamanı bildirib ki, futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindir.
"Onun diqqəti sayəsində klublarımız sabit çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək", - o qeyd edib.
Rövşən Nəcəf isə çıxışında etimada görə təşəkkür edib. "Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Bu baxımdan futbol da inkişafdadır. Hər an bilməliyik ki, doğru yoldayıqmı, hədəfə çata biləcəyikmi".
O, qarşıda duran hədəflərdən bəhs edib: "Hamının çiyin-çiyinə əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri müəyyənləşdirməliyik".