Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində 37 faizdən çox səs toplayaraq qələbə çalan partiya Cümhuriyyət Xalq Partiyası (CHP) və 35 faiz səslə ikinci yerə çıxan hakim Ədalət və İnkişaf Partiyası (AKP) olsa da, əsas sürpriz ölkə üzrə topladığı səs faizi ilə üçüncü yerə çıxan Yenidən Rifah Partiyası (YRP) ilə əlaqədardır.
Hələlik rəsmi nəticələr açıqlanmasa da, səslərin 100 faizə yaxının hesablanmasından sonra bu partiyanın 6.19 faiz səs qazandığı məlum olub və YRP kürdyönümlü DEM Partiya və milliyyətçi MHP və İYİ Partiyaları geridə qoyaraq üçüncü yerə çıxıb. Sağ təmayüldə olan siyasi kursa malik partiya dindar-mühafizəkar xətti ilə seçilir.
Şanlıurfa və Yozqat kimi şəhərlərdə də bələdiyyə sədrliyini əldə edən YRP-nin müvəffəqiyyəti əslinə qalsa, gözlənilməz hesab edilmirdi. "Milli görüş" gələnəyinin lideri olan mərhum siyasətçi Necmettin Erbakanın oğlu Fatih Erbakanın sədrlik etdiyi partiya bu xətdə olan Səadət Partiyasından 2018-ci ildə qopub.
Sonuncu prezident və parlament seçkilərində (14 may 2023) YRP əvvəlcə F.Erbakanın prezidentliyə namizədliyini irəli sürsə də, qeydə alınmaq üçün lazım olan 100 mindən çox imza toplanaraq güc nümayişi edildikdən sonra o, namizədlikdən çəkildi və Cümhur İttifaqına daxil olaraq Ərdoğanı dəstəklədi.
Parlament seçkilərində ittifaq çərçivəsində müstəqil proporsional siyahı ilə iştirak edən YRP 5 deputat mandatı əldə etməyi bacarmışdı. Ərdoğanı dəstəklədiyi üçün bu seçkilərdən sonra iqtidar cinahında yer alan partiya təşkilatlanmaq və siyasi təbliğat aparmaq üçün münbit şərait və resurslardan istifadə edib güclənməyə başladı.
Yerli seçkilərdə əvvəlcə AKP ilə əməkdaşlıqla bağlı danışıqlar getsə də, razılıq əldə etmək mümkün olmadı və Yenidən Rifah Partiyası müstəqil şəkildə bələdiyyə seçkilərinə qatıldı. Partiya siyasi xətti oxşar olan Səadət, Gələcək və DEVA Partiyalarını geridə qoymaqla yanaşı, DEM Partiya, MHP və İYİ Partiyanı da üstələdi.
Qeyd edək ki, YRP vaksin əleyhdarlığı, sahibsiz heyvanlara dözümsüzlük və gender bərabərliyinə qarşı mövqeyi ilə politkorrekt diskursdan kənarda qərarlaşıb. Partiya siyasi islamçı baxışları təmsil edən siyasətin tərəfdarı kimi çıxış edir.