Martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktından sonra Rusiyada tacik miqrantlara münasibət xeyşli pisləşib.
Bu barədə Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi bildirib. Nazirlik qeyd edib ki, terror aktından sonra Rusiyadan əmək miqrantlarının Tacikistana axını baş verib.
Tacikistanın əmək nazirinin müavini Şahnoza Nodirinin sözlərinə görə, miqrantlardan çoxlu zənglər olur.
O, Rusiyadakı taciklər arasında qorxu, çaxnaşma yaşandığını vurğulayıb.
Nazir müavini əlavə edib ki, Rusiyada Tacikistan vətəndaşlarına qarşı təzyiqlər qeydə alınır, terror aktından sonra Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə hədə mesajları daxil olur.
Tacikistanın Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min əmək miqrantından 627 mindən çoxu Rusiya Federasiyasına işləməyə gedib.
Xatırladaq ki, terror aktını törətməkdə şübhəli bilinərək saxlanılan 4 nəfərin hamısı milliyətcə tacikdir.