Rusiya Xarici İşlər Nazirliyi 102-ci Rusiya hərbi bazasını Ermənistanın suverenliyinin yeganə təminatı adlandırıb.
Nazirlik NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə İrəvanla Aİ arasında münasibətlərin dərinləşməsinə dair hesabatı belə şərh edib.
“Təhlükəsizliklə bağlı təkliflər sağlam düşüncəyə tamamilə ziddir. 102-ci bazası və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların çıxarılmasının respublikanın hərbi potensialını hansısa formada gücləndirməsi təhlükəli demaqoqiyadır. Bizi bu gün mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”, - açıqlamada deyilir.
XİN bildirib ki, hesabatın məqsədi İrəvanı Moskvadan qoparmaqdır. Sənəddə Rusiyaya, Azərbaycana və Türkiyəyə qarşı uydurma fobiyalar oyadılır ki, onların məqsədi barış yox, xalqları məhz bir-birindən ayırmaqdır.
"Avropa İttifaqı və NATO-nu Ermənistan əhalisinin əsl ehtiyacları maraqlandırmır. İrəvana sadəcə Qərbin iradəsinin icraçısı rolu ayrılır", - Rusiya XİN qeyd edib.