İlkin məlumatlara görə, "Crocus City Hall"dakı terror aktından sonra 95 nəfər itkin düşüb.
Bu barədə "Telegram" kanalları məlumat yayıb.
Qeyd olunub ki, siyahı operativ xidmətlərin əməkdaşları tərəfindən itkin düşən şəxslərin qohumlarının müraciəti əsasında tərtib olunub.
Siyahıda adları çəkilənlər terror aktından sonra doğmalarının əlaqə saxlaya bilmədikləri, lakin nə xəsarət alanlar, nə də ölənlərin siyahısına daxil olmayan şəxslərdir.
İtkin düşən şəxslərin bəzilərinin ola bilsin ki, öldüyü, lakin meyitlərinin hələ də tanınmadığı qeyd olunub.
Bununla belə, bu insanların bir qisminin sağ olduğu, lakin hər hansı səbəbdən əlaqəyə çıxmadığı ehtimalı da mövcuddur.
Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.
Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.
"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.