Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Yaşadığımız yüzillik tariximizə türklərin müttəfiqləşmə əsri kimi daxil olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türk Dövlətləri Təşkilatının yaranması ilə türk dövlətləri arasında münasibətlərin canlanması və intensivləşməsi müşahidə olunur. Bu da təbiidir. Keçən 30 il ərzində hər bir türk dövləti öz müstəqilliyinin möhkəmləndirilməsi üçün zəruri olan bütün addımları atıb və hazırda öz inkişafının növbəti mərhələsinə- qarşılıqlı inteqrasiya proseslərinə tam hazırdır. Müasir türk respublikaları öz siyasi prioritetləri və coğrafiyası baxımından vahid türk geopolitik regionunu təşkil edirlər. Dünyada gedən qloballaşma prosesləri fonunda türk respublikaları arasında inteqrasiya prosesləri sadəcə arzu deyil, həm də tarixi-siyasi zərurətdir. Hazırda bu zərurət bütün türk xalqları və dövlətləri tərəfindən dərk edilməkdədir. Get-gedə intensivləşən münasibətlər də məhz bu dərkin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, son 2 ildə Qazaxıstan prezidentinin ölkəmizə üç səfəri və ya Prezident İlham Əliyevin Qazaxıstana dörd dəfə səfər etməsi bu proseslərin göstəricisidir: "Qazaxıstan və Azərbaycan çoxsaylı müştərək layihələrin iştirakçılarıdır. Ortaq dəhliz konsepsiyasının ən vacib seqmentləri kimi Azərbaycan və Qazaxıstanın uğurları bütövlükdə Avrasiya miqyaslı proseslərə birbaşa təsir edən mühüm amildir. Bu səbəbdən iki ölkə arasındakı münasibətlərin inkişafı və dərinləşməsi təkcə bizim ölkələrimiz üçün deyil, həm də bütövlükdə Avrasiya üçün olduqca əhəmiyyətlidir".

Deputat bildirib ki, Qarabağ münaqişəsinin tam həll olunub beynəlxalq gündəlikdən çıxması da dövlətlərimiz arasında münasibətlərin, o cümlədən iqtisadi-ticari, siyasi, mədəni- humanitar əlaqələrin daha da canlanmasına güclü təkan verib: "Prezident İlham Əliyevin inauqurasiya mərasimində xalqımızın türk ailəsinə mənsubluğunu vurğulaması da inteqrasiya proseslərinin hazırda özünün ən vacib mərhələsinə qədəm qoyduğundan xəbər verir. 6 müstəqil türk dövlətinin öz siyasətini TDT çərçivəsində uzlaşdırmaqla beynəlxalq siyasət müstəvisində vahid platformadan çıxış etməsi türk birliyini daha yüksək səviyyəyə çıxaracaq. Gələcəkdə Türk dövlətlərinin qlobal siyasət meydanında müstəqil güc mərkəzinə çevrilməsi bu gün aparılan inteqrativ proseslərin uğurundan asılıdır. Bu proseslər Avrasiyada daimi sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq. Heç şübhə etmirəm ki, yaşadığımız yüzillik müasir türk xalqlarının həyatına və tarixinə bütün türklərin müttəfiqləşmə əsri kimi daxil olacaq".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də