2022-ci ildə beş yaşınadək uşaqlar arasında ölüm hallarının sayı tarixi minimuma düşüb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə Qurumlararası Qrupu özünün son hesabatındakı faktlara istinadla məlumat yayıb.
Hesabatda bildirilir ki, 4,9 milyon uşaq beş yaşına çatmamış vəfat edib və bu, hər altı saniyədə bir ölümə bərabərdir. Ölən uşaqların demək olar ki, yarısı yeni doğulmuş körpələrdir.
Qurumlararası qrupun hesabatı 2000-ci ildən bəri dünyada beş yaşdan kiçik uşaqlar arasında ölüm nisbətinin 51 faiz azalması ilə bu gün əvvəlkindən daha çox uşağın sağ qaldığını göstərib.
UNICEF-in icraçı direktoru Ketrin Rassel bununla bağlı bildirib: “Bu rəqəmlərin arxasında analara təhlükəsiz doğumda kömək edən mama və tibb işçilərinin, uşaqları peyvənd edən və ölümcül xəstəliklərdən qoruyan səhiyyə xidmətlərinin, uşaq sağlamlığının və düzgün qidalanmanın təmininə kömək məqsədilə ailələrə baş çəkən tibb işçilərinin hekayələri var”.
Bir sıra aşağı və aşağı-orta gəlirli ölkələrin nümunəsi göstərir ki, ilkin səhiyyə xidmətinə kifayət qədər resurslar ayrılsa, onda irəliləyiş də mümkündür. Məsələn, əldə edilən məlumatlar Kamboca, Malavi, Monqolustan və Ruandada 2000-ci ildən bəri 5 yaşınadək uşaqların ölüm nisbətinin 75 faizdən çox azaldığını göstərir.