Amerikalı konqresmenlər “TikTok” ilə Çinin “ByteDance” texnologiya kompaniyası arasında əlaqələrin davam edəcəyi təqdirdə sosial şəbəkəyə qadağa tətbiq olunması imkanını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Qanun layihəsi “TikTok” ilə Çin tərəfindən idarə olunan bütün qurumlar arasında istənilən əlaqəni kəsməyi hədəfləyir. Konqresmenlər sosial şəbəkəni satmaq üçün “ByteDance” kompaniyasına altı ay vaxt veriblər. Əks təqdirdə onun ölkədəki fəaliyyətinə, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacaq.
Qeyd edək ki, qısa videoları yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi “ByteDance” kompaniyasıdır.
ABŞ-ın hakimiyyət orqanları sosial şəbəkənin Birləşmiş Ştatlar üçün təhlükə yaratdığını dəfələrlə bəyan ediblər. Vaşinqtonun iddiasına görə, Çinin kəşfiyyat xidmətləri “TikTok” vasitəsilə məxfi məlumatları əldə edə bilər.