Ermənistan KİV-i Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb qarşı tərəfə keçən azərbaycanlı əsgər barədə yeni məlumat yayıb.
“Hraparak” qəzetinin məlumatına görə, Laçınla üzbəüz mövqedə yerləşən Gorus rayonunun Tex kəndi istiqamətində təmas xəttini keçən azərbaycanlı əsgər erməni həbçilər tərəfindən saxlanılıb.
“Hraparak” kənddə vəziyyətin necə olduğunu aydınlaşdırmağa çalışıb.
Tex kədindəki Ağsaqqallar Şurasının üzvü Arqam Hovsepyan bildirib ki, sərhəddi azıb keçən iki əsgər olub, onlardan biri böyük ehtimalla öz mövqelərinə qayıda bilib.
“Onlar sıravi əsgərlər idi. Hərbçilərimiz birini tutub Gorusa apardılar”, - Hovsepyan bildirib. O, azərbaycanlı əsgərin hazırda Milli Təhlükəsizlik Xidmətinin yerli şöbəsində saxlanıldığını qeyd edib.
Ağsaqqallar Şurasının üzvü Tex kəndidə sakitliyin hökm sürdüyünü, insanların gündəlik qayğılarla yaşadığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.