Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tanınmış alim vəfat etdi

Tanınmış alim vəfat etdi


Tanınmış alim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının sabiq müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Tahir Musa oğlu Pənahov fevralın 28-də 88 yaşında vəfat edib.


Bu barədə Memarlıq və İnşaat Universitetindən bildirilib.

Alim 10 iyun 1936-cı ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub.

Yaşadığı kənddə orta məktəb olmadığından 1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd orta məktəbinə gedib, həmin məktəbi fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olunub.

1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə başa vuran Tahir Pənahov təyinatla Politexnik İnstitutunun Fizika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb. 1962-ci ildə baş müəllim vəzifəsinə yüksəlib. O, 1966-cı ildə "NizFe ərintisinin qalvonomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib, 1989-cu ildən isə professor elmi adını alıb.

Onun ən böyük xidmətlərindən biri AzMİU-da 1991-ci ildə "Metal və ərintilər fizikası" ETL-nin açılması təşəbbüsü olub. Laboratriyada elmi baza üçün EPR, universal optik və maqnito-optik qurğuları, maqnit və elektrik xassələri ölçmək üçün digər qurğular tələbə və müəllimlərin istifadəsinə verilib. Alimin təklifi ilə 1991-ci ildə universitetdə "Metallar fizikası" istiqamətində ixtisas açılıb, növbəti mərhələdə Materiallar fizikası kafedrasında bakalavr və magistr istiqaməti üzrə kadr hazırlığı aparılıb. "Metallar fizikası" sahəsi üzrə məktəb yaradan professor AzMİU-da çalışdığı müddət ərzində yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb.

O, 2002-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbdə tədris və elmi işlər bölməsində əvəzçi işləyib, Azərbaycan Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin köməyi ilə təhsildə bir sıra məsələlərin yerinə yetirilməsində və elmi əsərlərin çap edilməsinə yaxından köməklik göstərib.

Tahir Pənahov Zabrat Oksigen Zavodunda böyük laboratoriya işə salıb, laboratoriyanı müasir avadanlıqlarla təchiz edib, cihazların işləmə qaydalarını hazırlayıb və kadrla təmin edib. Havadan azot, oksigen, arqon və hidrogenin alınma texnologiyası, maye və qaz halında kimyəvi, fiziki xassələri dəqiq təhlil etməklə satışda müsbət nəticə alıb.

Alim 60-dan çox beynəlxalq və respublika elmi konfransında məruzələrlə çıxış edib, 20-dən çox müəlliflik şəhadətnaməsi və patentin, ixtiranın, 360-dan çox elmi məqalənin, 15 monoqrafiya, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. O, həmçinin istehsalatla bağlı 18 elmi-tədqiqat işi tövsiyə edib. Alim arqon qazının qarışıq qazlardan ibarət daha keyfiyyətli arqomiks qazı qaynaq istehsalında tətbiq edib, yeni ixtira kimi patent alıb. O, metal və ərintilər sahəsində yeni istiqamət yaratmış Azərbaycanın əsas alimlərindən biri idi.

Allah rəhmət eləsin!


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də