Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İnternetimizin sürətini azaldan səbəblər: Nələri bilmək lazımdır?



Bir çoxlarımız bəzən istifadə etdiyimiz internetin sürətindən, yaxud davamlılığından şikayət edirik. Ekspertlər bildirirlər ki, bu məsələdə problem yaradan əsas məqamlardan biri də "Wi-Fi” qurğularıdır. 

Bazara gətirilən sertifikatsız "Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürür, bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır. Bu fikirlər İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) açıqlamasında yer alıb. İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların keyfiyyətindən əmin olmağa və sertifikatı olmayan modemlər ilə bağlı tənzimləyici quruma məlumat verməyə çağırıb. Bəs vətəndaşlar şəbəkə qurğuları alarkən əldə etdiyi avadanlığın keyfiyyətli olduğuna necə əmin ola bilər?

"Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

"Ucuz və keyfiyyətsiz qurğular satılır”

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov "Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, internetin keyfiyyətinə və sürətin azlığına təsir göstərən bir çox məqamlar mövcuddur: "Bunlardan ən vacibi də məhz şəbəkə paylayıcılarıdır. Onların keyfiyyətli olması internetin sürətində çox əhəmiyyətli yer tutur. Təəssüflər olsun ki, Azərbaycanda ucuz və keyfiyyətsiz olan bəzi qurğular satılır. Onlar internetin sürətində problemlər yaradır. Modem seçərkən diqqətli olmaq lazımdır. Ölkəyə keyfiyyətli aparatların gətirilməsi böyük əhəmiyyət daşıyır. Nə qədər sürətli internet alsanız da, aparat keyfiyyətsiz olduğu halda daha zəif internet paylayacaq”. 

 

20-30 manatlıq avadanlıqdan gözləntilərimiz

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, qiyməti orta olan məhsullar daha keyfiyyətli hesab edilir: "Bazarda satılan avadanlıqlara diqqət yetirsək, görərik ki, tanınmış istehsalçıların və bir də az tanıdığımız, adını ilk dəfə eşitdiyimiz şirkətlərin məhsulları mövcuddur. Mağazalarda bir neçə istehsalçının 20-30 manatdan 200-250 manata qədər evdə istifadə etdiyimiz internet paylayıcı qurğuları satılır. Funksionallığı eynidir. Amma ucuz olanlar zirzəmi şəraitində keyfiyyətsiz ehtiyat hissələrindən hazırlanır. Bəzi işbazlar da belə avadanlıqları sifariş verirlər. Bizə tanış olan şirkətlərin məhsulları isə özünü daha yaxşı göstərir. Qiyməti orta seqmentdə olduqda cihaz daha keyfiyyətli ehtiyat hissələrindən hazırlanır və performansı yüksək olur. 20-30 manatlıq avadanlıqdan gözləntilərimiz elə də böyük olmamalıdır. Çünki bizi gec-tez məyus edəcək”. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də