“Heç kim Ermənistan ordusunu müdafiə qabiliyyətini gücləndirdiyinə görə tənqid edə bilməz”.
Bunu İrəvanda keçirdiyi mətbuat konfransında Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekorn deyib.
“Ermənistana hansı texnikanın gələcəyi barədə təfərrüata varmayacağam, lakin onların hamısının müdafiə əhəmiyyəti var, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin mühafizəsi prioritet məsələdir.
Hava hücumundan müdafiə sistemləri haqqında da deməliyəm ki, əgər Ermənistana bu sistemlər lazımdırsa, o zaman sizin də ixtiyarınızda qısa, orta və digər uzaqmənzilli raketlər olacaq”, - deyə fransız nazir bildirib.
Fransalı nazir bildirib ki, hazırda əsas məsələ silahların alınması və onlardan istifadənin öyrədilməsidir.
“Biz müəyyən nəzarət materialları olmadan sərhəd təhlükəsizliyindən danışa bilmərik. Biz hər dəfə erməni tərəfdaşlarımızın ifadə etdiyi əməliyyat ehtiyaclarından çıxış edəcəyik. Və biz bu ehtiyaclara uyğun olaraq müvafiq təkliflər verəcəyik, istər silah, istərsə də müdafiə məqsədilə təlim”, - deyə Sebastyen Lekorn bildirib.
O, Ermənistan və Fransanın hərbi sahədə əməkdaşlığı davam etdirəcəklərini bildirib.