“Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyası münasibətilə Sizi Azərbaycanda salamlamaqdan böyük məmnunluq və şərəf duyuram. Bu gün Azərbaycan Respublikasının Milli Məclisi növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrlik edəcək. Parlamentimizin namizədliyini dəstəklədikləri üçün Assambleyaya üzv olan bütün parlamentlərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün böyük qürurverici hadisədir”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib.
Sədr bildirib ki, qardaş Türkiyə parlamentinin sədri cənab Numan Kurtulmuşdan sədrliyi təhvil almaq xüsusilə sevindirici haldır:
“Cənab Kurtulmuşa və Türkiyə Böyük Millət Məclisinə başqanlıq dövründə göstərdikləri öhdəliyə görə hamımız adından təşəkkür edirəm. Son 6 ildə görülən böyük işlər Assambleyamızın və parlamentlərarası əməkdaşlığın inkişafı üçün çox mühüm hesab olunur. Mən həmçinin Asiya Parlament Assambleyasının Baş katibi cənab Məhəmməd Rza Məcidiyə göstərdiyi davamlı səylərə və Katibliyin səmərəli idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm”.