Şimali Koreya raketlərində Qərb istehsalı olan detallar tapılıb.
Bu barədə Böyük Britaniyanın Münaqişə Silahlarının Tədqiqi Mərkəzi məlumat yayıb.
Belə ki, Rusiya tərəfindən Ukraynaya atılan və Xarkovda yerə düşən Şimali Koreya istehsalı olan raketin qalıqları arasında Şimali Koreyaya aid olmayan 290 elektron komponentin tapıldığı bildirilib.
Analitiklərin fikrincə, bunların çoxu ABŞ, Almaniya və digər Qərb ölkələrinin şirkətləri ilə “əlaqələndirilə bilər”. Onlar qeyd edirlər ki, komponentlərin əhəmiyyətli hissəsi etiketə görə son 3 il ərzində istehsal edilib. Bu onu göstərir ki, raket yalnız Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Rusiyaya çatdırıla bilərdi.
Hesabatda deyilir ki, bir tərəfdən bu, Şimali Koreyanın ona ballistik raket komponentlərinin tədarükünə qadağa qoyan beynəlxalq sanksiyalardan uğurla yan keçməyə davam etməsi deməkdir, digər tərəfdən isə Şimali Koreyanın hərbi sənayesinin xarici təchizatlardan nə qədər asılı olduğunu göstərir.