“Bank of Georgia”nın sahibi olan “Bank of Georgia Group PLC” Ermənistanın ən böyük banklarından biri olan “Ameriabank”ın 100%-lik səhmlərini aldığını elan edib.
Bu barədə “Bank of Georgia” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan tərəfinin 303,6 milyon dollar ödəyəcəyi qeyd olunur.
“Sövdələşmə yekunlaşdıqdan sonra “Ameriabank” mövcud rəhbərliklə qrupun bir hissəsi kimi fəaliyyətini davam etdirəcək. Eyni zamanda, şirkət öz brendini qoruyub saxlayacaq”, - məlumatda deyilir.
2023-cü ildə ilin sonuna “Ameriabank”ın aktivləri 1 trilyon 410 milyard dram təşkil edib. Aktivlərə görə, bank illər boyu Ermənistanda lider idi, lakin son illərdə lider mövqeyini “Ardşınbank”a uduzub.
"Bank of Georgia"ya gəlincə, onun ən böyük səhmdarı "Georgia Capital"dır, lakin səhmlər "JP Morgan", "BlackRock", "Vanguard" və s. kimi investisiya təşkilatlarına məxsusdur:
Hazırda Ameriabank-ın beş səhmdarı var: "İmast Group" (48,87%), bu, milyarder Ruben Vardanyanın payıdır, Avropa Yenidənqurma və İnkişaf Bankı - AYİB (17,73%), AİB (13,92%), "IS -PS" Holding Limited” (11,98%) və “Afeyan Fund for Armenia” Inc. (7,5%).
Məlumata görə, yalnız AYİB öz payını saxlayacaq.
Müxtəlif mənbələrə görə, “Bank of Georgia”nın səhmdarları arasında Türkiyə vətəndaşları da var.