“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət cədvəlini optimallaşdırır.
ADY-dən bildirilib ki, yenilənmiş hərəkət cədvəli Bakı – Sumqayıt – Bakı marşrutu üzrə hərəkət edən ekspres qatara daha dörd vaqon əlavə olunmaqla, ümumilikdə 11 vaqonla hərəkətinə imkan yaradacaq.
Fevralın 22-dən etibarən sözügedən marşrut üzrə qatarların hərəkət qrafikində aşağıdakı dəyişikliklər edilir.
Qeyd edək ki, fevralın 22-dən tətbiq ediləcək yeni qrafikə əsasən ekspres qatar Sumqayıt stansiyasında beşinci yoldan hərəkətə başlayacaq.
Yeni qrafikə əsasən ekspres qatar Bakıdan saat 06:52-də (köhnə qrafiklə saat 06:50) yola düşəcək və vaqonlarının sayında artım olduğundan Sumqayıt stansiyasında fərqli platformada – beşinci yolda qəbul ediləcək. Eyni zamanda Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 7:00-da (köhnə qrafiklə saat 07:05), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 8:45-də (köhnə qrafiklə saat 08:40), Sumqayıtdan Xırdalan istiqaməti ilə çıxan qatar isə saat 9:40-da (köhnə qrafiklə saat 09:35) yola düşəcək.
Səhər saatlarında fəaliyyət göstərən qatarların hərəkət cədvəlinə edilmiş minimal dəyişikliklər sərnişinlərin qatarlara vaxtında çatması və rahat minib-düşməsi üçün imkan yaradacaq.
Həmçinin sərnişinlərin rəy və təklifləri nəzərə alınaraq axşam reyslərinin cədvəlində də müvafiq dəyişikliklər edilib. Belə ki, saat 18:05-də Bakıdan Sumqayıta yola düşən ekspres qatarın hərəkəti saat 18:10-a dəyişdirilib. Eyni zamanda yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Xırdalan istiqaməti ilə çıxan qatar saat 18:25-də (köhnə qrafiklə saat 18:20), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 19:10-da (köhnə qrafiklə saat 19:02), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 20:10-da (köhnə qrafiklə saat 20:05), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan ekspres qatar isə saat 18:58-də (köhnə qrafiklə saat 19:20) yola düşəcək.