İsrail müdafiə qüvvələri cümə axşamı günü Qəzzada fəaliyyət göstərən ən böyük xəstəxanaya basqın ediblər.
Bu barədə İsrail ordusunun mətbuat xidməti və Qəzza rəsmiləri məlumat yayıb.
İsrail ordusu Nasser xəstəxanasına basqının "dəqiq və məhdud" olduğunu bildirib.
Məlumatda deyilir ki, İsrail HƏMAS silahlarının xəstəxanada gizləndiyi barədə məlumatlara sahibdir. Bundan başqa girovların və bəzi əsirlərin cəsədlərinin də xəstəxanada olduğu qeyd edilir. HƏMAS qruplaşması sözügedən məlumatları yalan adlandırıb.
HƏMAS-ın idarə etdiyi Qəzza zolağındakı səhiyyə orqanları İsrailin xəstəxanada sığınan onlarla işçini, xəstələri, köçkünləri və tibb işçilərinin ailələrini tibb müəssisəsini tərk etməyə məcbur etdiyini bildirib. Təxminən 2000 fələstinli gecə ərzində cənub sərhəddindəki Rəfah şəhərinə gəlib, digərləri isə Qəzzanın mərkəzindəki Deyr Əl-Bələhə doğru hərəkət edib.
İsrail HƏMAS-ı müntəzəm olaraq xəstəxanalardan, təcili yardım maşınlarından və digər tibb müəssisələrindən hərbi məqsədlər üçün istifadə etməkdə günahlandırır. Daha əvvəl bəzi xəstəxanaların altında silahların olduğu tunellərin göstərildiyini görüntülər yayımlanıb.
İsrail hərbçiləri Nasser Xəstəxanasında müxtəlif şübhəliləri yaxaladığını və oradakı əməliyyatların davam etdiyini bildirib.