Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcərli seçicilər Qalib Liderə səs veriblər!

Kəlbəcərli seçicilər Qalib Liderə səs veriblər!


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.” Bu açıqlama Mərkəzi Seçki Komissiyasının son və yekun məlumatından götürülüb. 92,12 faiz səs!. Bu böyük səs çoxluğu, ilk növbədə bir xalqın öz qəhrəman oğluna – doğma Qarabağı, Xankəndini, Şuşanı, Laçını, bütün işğal altındakı torpaqlarımızı erməni təcavüzündən xilas edib bütöv və azad Azərbaycan yaradan qüdrətli Ali Baş Komandana, QALİB LİDERƏ olan sonsuz sevgi göstəricisidir.

 

Gəlin, budəfəki seçkilərin tarixi əhəmiyyətini birgə nəzərdən keçirək. Bu seçkilərin ən böyük siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə üzrə keçirilməklə yanaşı, həm də Azərbaycan tarixinə Əəfər seçkisi kimi düşən 7 fevral prezident seçkilərində yüksək seçici fəallığı ən diqqəti çəkən məqamlardan sayılır. Ölkəmizdə Zəfər seçkilərinin seçicilərin yüksək fəallığı şəraitində keçəcəyi əvvəlcədən də gözlənilirdi və bu gözləntilər fevralın 7-də özünü doğrultdu. Xüsusilə Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında igid Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş ərazilərimizdə qurulan seçki məntəqələrində əhalinin yüksək seçici fəallığı xalqın öz Qalib Liderinə olan sevgi və diqqətinin təzahürü sayılmalıdır.

 

Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bu gün bir sıra qərb dairələrinin ikili siyasətinin, təxribat ruhlu əməllərinin tam əksinə olaraq fevralın 7-də Azərbaycan xalqı öz tarixi zəfər seçkisində görünməmiş seçici fəallığı, böyük həmrəylik nümayiş etdirdi. Təxribatçıların Zəfər seçkilərində bütün mənfi arzuları öz bəbəklərində qaldı. Əksər xarici ölkə müşahidəçilərinin xüsusilə vurğuladıqları kimi, xalqımız bütün seçki məntəqələrində olduqca dinamik seçici fəallığı, aktiv iştirakçı mövqeyi nümayiş etdirərək bütün mənfi “proqnozları” darmadağın etdilər.

 

Belə ki, digər həmvətənlərimiz kimi, Kəlbəcər seçiciləri də 7 fevral seçkilərində aktiv iştirak edərək, Azərbaycana böyük qələbələr bəxş edən cənab İlham Əliyevə səs verdilər. 80 faiz Kəlbəcər əhalisi seçki məntəqələrində aktivlik göstərməklə daima Azərbaycan dövlətçiliyinin keşiyində duran insanlar kimi, ən əsası da əsl vətəndaş mövqelərini ortaya qoyublar. Qocalı-cavanlı, bütün insanlar bayram əhval-ruhiyyəsində idilər. Hamı böyük sevinc və qürur hissi ilə səs verməyə gəlirdi. Kəlbəcərlilərin bu seçici aktivliyi həm də doğma Qarabağı, Kəlbəcərimizi, Şuşamızı, Xankəndini erməni işğalından azad edərək Azərbaycanın bütövlüyünə nail olan qüdrətli lider İlham Əliyevə minnətdarlıq ifadəsi sayılmalıdır.

 

Ən əsası isə, seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, insanlar öz konstitusion hüququndan istifadə etmək üçün növbələrə dayanırdı. Bu  həm də  vətəndaşlıq borcu idi.   Prezident İlham Əliyevin özü, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi  isə tarixi və rəmzi xarakter daşıyır. Bu, sadə və aşkar bir həqiqətin bütün dünyaya nümayişi idi - Azərbaycan erməni separatizmi və terrorizmi üzərində birdəfəlik qələbə qazandı və heç kəsə bizim Böyük Qələbəmizi şübhə altına almağa imkan verilməyəcək. İndiyədək separatizm və ərazilərin işğalı ilə bağlı problem yaşayan heç bir postsovet ölkəsi bunu bacarmayıb. Və Azərbaycan aparıcı dünya dövlətlərinin planlarına zidd olaraq ədalətin və beynəlxalq hüququn təntənəsinə nail oldu. Mən ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini nəzərdə tuturam. Onlar, xüsusən də Makronun dövründə Fransa hələ də Azərbaycanın siyasi və hərbi zəfərini həzm edə bilmir,  bunu öz fiaskosu kimi qəbul edərək ölkəmizə təzyiq göstərməyə çalışırlar. Onlar  müxtəlif səviyyələrdə Fransa Senatında,  Avropa Parlamentində, AŞPA-da, BMT-də  heç bir əsası olmayan qətnamələr, hesabatlar hazırlayır, qəbul edirlər. Bundan başqa, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır. ABŞ və bir sıra Avropa ölkələrində  erməni lobbisi və diasporla uzun müddət əməkdaşlıq edən və öz maraqları naminə çalışan  siyasətçilər də fəallaşır. Amma onların bütün antiazərbaycan təxribatları əks effekt verdi. Strateji təfəkkürünün miqyasına görə İlham Əliyevə rəqib olmağa sadəcə olaraq yaraşmayan Makronun indiki seçkilərdə Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək Onu dəstəklədi. Bir sözlə, xalq bu Zəfər seçkisini həm də milli bayrama çevirərək, öz qalib liderinə SƏS VERƏRƏK, həm də Azərbaycanın firavan və təhlükəsiz gələcəyinə tarixi mənada HƏ demiş oldu eyni zamanda cənab İlham Əliyevin rəhbərliyi altında son 20 il ərzində sürətlə inkişaf edən qüdrətli Azərbaycana el dsətəyidir! Seçici aktivliyinin yüksək olduğuna dair ən bariz nümunə: Səs vermə hüququ olan hər bir vətəndaşımız  bu seçkilərdə ruh yüksəkliyi ilə, olduqca fəal şəkildə iştirak etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza qazandırdığı tarixi qələbəyə görə minnətdarlığın təzahürü, eyni zamanda Azərbaycan cəmiyyətinin mütəşəkkil siyasi qüvvə kimi onu sevməyənlərə, bu xalqın uğurlarını həzm edə bilməyənlərə tarixi YUMRUĞU idi!

Prezidenti öz xalqına sevdirən ən mühüm məqamlara diqqət ayıraq. Öncə onu qeyd etməklə başlayaq ki, Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi ilə bağlı fəaliyyəti ölkəmizin qazandığı uğurların əsas təminatçısına çevrildi. O, hakimiyyətə gəldiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin həllini əsas hədəf kimi müəyyənləşdirdi, xalqın və dövlətin bütün potensialını bu məqsəd uğrunda səfərbər etdi. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli yol keçdi, dövlət başçısı ölkənin sürətli inkişaf məqsədlərini işğal edilmiş torpaqların azad olunmasının əsas meyarı kimi müəyyənləşdirdi. Uğurlu neft-qaz strategiyası bu dövrün iqtisadi məzmununda yenə də xüsusi özəlliyi ilə seçilirdi. Bundan əlavə, ölkədə güclü qeyri-neft sektorunun yaradılması istiqamətində əhəmiyyətli addımlar atan, regionların inkişafı ilə bağlı dövlət proqramları qəbul edən, bununla da ölkənin simasını dəyişən Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. Cəmiyyətin mədəni-mənəvi bütövlüyünə nail olundu. Ən vacib məqam ondan ibarət idi ki, Azərbaycan xalqı hər zaman bu müsbət dəyişikliklər prosesinin mərkəzində idi. İlham Əliyev ölkənin inkişafını hər zaman xalqın adı ilə bağladı və xalq onun fəaliyyət strategiyasının əsas hərəkətverici qüvvəsi oldu.

 

Bu amil 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində əsas rol oynadı. Prezident İlham Əliyev qərarlarında xalqa arxalandı, bütün addımlarını xalqın maraqlarından çıxış edərək atdı. O, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident, Yenilməz Sərkərdə kimi yazdı. Dövlət başçısı tarixi Zəfərlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi, Şuşanın azad olunması ilə Ata vəsiyyətini yerinə yetirdi. Bununla da yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişdi, Azərbaycan tarixini yenidən yazdı. İlham Əliyev təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtararaq Azərbaycan xalqını bu prosesin əsas qəhramanına çevirdi.

 

Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu  müddətdə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Artıq soydaşlarımızın qayıtdığı ünvanların sayı artmaqdadır. Bu il Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də daxil olacaq.  Bu günədək azad olunmuş ərazilərə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlar 7 fevral  prezident seçkilərində ilk dəfə  doğma yurd-yuvalarında səs verərək bu sevinci yaşadılar. Hədəflər sırasında Qərbi Azərbaycana qayıdışımız da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir. Xalqımız əmindir ki, bu hədəfə də tezliklə nail olacağıq!

 

Və beləcə tarixi Zəfər seçkisindən sonra yeni bir dövrə qədəm qoyuruq. Bu yeni dövrdə xalqımız dövlət başçımızın yanında olduğunu nümayiş etdirməklə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmiş oldu. Xalqımız bu seçkidə göstərdiyi böyük dəstəklə dövlət başçısına yeni bir siyasi güc vermiş oldu. Beləliklə, dövlət başçımız xalqdan aldığı yeni güclə yeni dövrdə yeni hədəflərə doğru irəliləyəcəkdir. Yeni hədəflərin əhatə dairəsi çox genişdir. Dövlət başçımızın seçki qabağı açıqladığı proqramda da yeni dövrün hədəfləri geniş şəkildə şərh olunmuşdur. Qarşıdan gələn 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın həyatında qızıl hərflərlə yazılmış yeni dövrün olacağına heç bir şübhə yoxdur.

 

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də