Ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Xankəndidə seçkilər keçirilir.
122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
Səsvermə saat 19:00-da başa çatacaq..