Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bizi qatil edən hansı genlərimizdir?

Bizi qatil edən hansı genlərimizdir?


Hər birimiz həyatımızda bir dəfə də olsa bizi əsəbləşdirən, sinirlərimizi tarıma çəkən ən azı bir insan haqqında “bunu imkanım olsa, nə öldürərdim” sözünü yəqin ki demişik. Ancaq böyük əksəriyyətimiz qatil olmadan həmin insan haqqında fikirlərimizdən çox qısa vaxtda imtina etmişik. Əslində bizi bu fikirlərə düşürən bizim “qatil, savaşçı, şiddət” geni olan MAO genlərimizdir (Monoamin oksidaz).

Monoamin oksidaz (MAO-A), sinir sistemində var olan bir fermentdir və monoamin neyrotransmitterlərin parçalanmasında mühim rol oynayır. Bu ferment genetik faktorlara bağlı olarak fərdlər arasında fərqlilik göstərir. Savaşçı yəni, Monoamin oksidaz-A (MAO-A) geni, fərdlər arasındakı fərqli davranışları anlamaq və cinayət meyillərini qiymətləndirmək üçün müxtəlif tədqiqatçılar tərəfindən tədqiq edilmişdir. Lakin məhkəmə prosesində təkcə genetik faktorlardan istifadə olunması ilə bağlı ciddi etik və hüquqi problemlər yarana bilər. Bu kontekstdə MAO-A geni ilə yanaşı ətraf mühit faktorlarını da nəzərə alaraq daha kompleks yanaşma tətbiq oluna bilər.  

MAO-A geni, müxtəlif davranış xüsusiyyətləri ilə əlaqələndirilir. Xüsusilə aqressiv davranışlara, antisosial davranışlara və emosional reaksiyalara təsir göstərir. Bu kontekstdə MAO-A geni fərdlərin ətraf mühit faktorlarına necə reaksiya verdiyini və mühakimə proseslərinə təsir etməsinin mümkünlüyünü göstərir. MAO-A geninin məhkəmə prosesində faktör kimi tətbiq olunması mühim nəticələrə səbəb ola bilər.   

Monoamin oksidaz noradrenalin, adrenalin, serotonin və dopamin kimi neyrotransmitterləri parçalayır və buna görə də insan əhval-ruhiyyəsinin tənzimlənməsində mühim rol oynayır. Serotonergik sistemə təsiri ilə fərdin antisosial xüsusiyyətlərə və ya antisosial davranış üçün risk faktorlarına (məsələn, aşağı səviyyədə özünə nəzarət və ya neqativ emosionallıq) həssaslığını artırır. Bu səbəbdən MAO-A geni “döyüşçü geni” və ya “zorakılıq geni” adlanır. MAO-A geni X xromosomunda yerləşərək, qadınlarda iki X xromosomu olduğu üçün onlar heterozigot və ya homozigot ola bilər. Kişilər isə yalnız bir nüsxə X xromosomu daşıyırlar (çünki onlarda bir X və bir Y cinsi xromosom var) və buna görə də homozigotdur.

MAO-A geni ömür boyu prenatal dövrdən (doğumdan əvvəl) serotonin və dopamin kimi nörotransmitterləri tənzimləyir. Kişilərdə (XY) yalnız bir X xromosomu, qadınlarda (XX) iki X xromosomu olduğunu nəzərə alsaq, qadınlar X xromosomlarının hər birində eyni genin iki versiyasını daşıyırlar. Buna görə də, kişilər bu xromosomda daşınan hər hansı bir anormallığa qadınlardan daha həssasdırlar. Çünki kişilərdə təsirə məruz qalmış genin təsirini yüngülləşdirən və ya onun funksionallığını və ya effektivliyini artıran ikinci versiya yoxdur. Yəni qısaca qadınlarda bir X xromosumunda olan zədəli MAO geninin təsirini digər sağlam olan X xromosomu tənzimləyir. Ancaq kişilərdə X xromosomunda olan anomaliliyi digər X xromosomu olmadığından kişilər şiddətə daha çox meyilli olurlar. Kişilərdə bu genotipe malik olma ehtimalı qadınlara nisbətən üç dəfə çoxdur (37% və 12%).

Qeyd etmək vacibdir ki, genetik faktorlar fərdin cinayətkar davranışa qarşı həssaslığını artıra bilsə də, ətraf mühit faktorları genetik meyilləri azalda və ya pisləşdirə bilər. Məsələn, genetik olarak aqressiyaya meyilli bir insan, normal və sağlam mühitdə böyüyərsə, cinayət davranışları göstərmir. Digər tərəfdən, genetik olarak aqressiyaya meyli olmayan şəxs uşaqlıqda yaşadığı stress, travma və ya zorakılıq səbəbindən cinayətkar davranışı göstərə bilər.

MAO geninin məhkəmədə istifadə olunduğu ilk və ən önəmli məhkəmə davası Dominos Pizza cinayəti olub. 1991-ci il Stephan Mobley adında bir adam Hall County, Ga-da Domino's pizza yerini soydu və restoran müdirini öldürdü. Və bu cinayət ölkədaxilində önəmli bir cinayət halına gəldi. Mobley törətdiyi cinayətdən qürür duyurdu və hətta kürəyinə Dominos logosu etdirmişdi. Digər önəmli məsəslə isə Mobleyin məhkəməyə çıxdığı müddətdə akademik dərgidə MAO (monoamin oksidaz A) adı verilən son dərəcə maraqlı bir gen haqqında məqalə yayınlanmışdı.

Han Brunner adlı genetikçi, MAO-A genində mutasiya olub-olmadığını araşdırırdı. Və bunun üçün fərqli xarakteri olan hollandiyalı ailəni incələməyə qərar vermişdi. Brunnerə görə, ailənin bəzi kişilərinin MAO genlərində qüsur var idi və bu qüsura sahib olan kişilər təcavüz, hücüm adam öldürmə kimi cinayət hadisələri törətmişdilər. Bu araşdırma ABŞ-da medianın marağına səbəb oldu. Media bir genin bu qədər cinayətə yol aça biləcəyini maraqla qarşıladı. Bundan sonra Mobleyin vəkili həmin şəxsdə bu genin cinayətə səbəb verməsi ehtimalını ortaya qoydu və onda bu gen araşdırıldı. Gəlinən nəticəyə görə Mobleydə bu gen aşağı səviyyədə aktiv olduğundan o bu cinayəti törətmişdir. Buna görə Mobleyə məhkəmə ölüm hökümü deyil, 13 il həbs cəzası verdi.

Hüquqi baxımından MAO geni və cəza məsuliyyəti


Cinayət işlərində neyro dəlillərdən istifadə son iki onillikdə dünyada daha da artıb. Bu sübut ümumiyyətlə beyin görüntüləmə, elektroensefaloqrafiya (EEQ) və neyropsixoloji qiymətləndirmələrdir. MAO-A genotipinin cinayət hüququna və ümumi hüquq sisteminə təsirini müəyyən etmək vacibdir. Hhüquq-mühafizə orqanlarının əməkdaşları başa düşməlidirlər ki, cinayətkar davranış həm genetik meylin, həm də ətraf mühitin təsirinə məruz qalan mürəkkəb bir hadisədir. Cinayət davranışının genetik etiologiyası və bunun verə biləcəyi təsir hüquq sistemində akademiklər, hüquqşünaslar, hakimlər, polislər və qanunvericilər tərəfindən getdikcə daha çox qəbul edilməkdədir.

Cinayət işlərində davranış genetikasının əhəmiyyətini göstərərn bir çox araştırmalar vardır. Xüsusi ilə ABD-də cəza məhkəmələrində davranış genetikası üzrə mütəxəsis şahidliyi mümkün olur.
 

Gələcək üçün təkliflər
 

MAO geni aqressivliyə və ümumiyyətlə davranış meyillərinə potensial təsirlərinə görə son vaxtlar öyrənilməsi vacib bir sahəyə çevrilib. Mövzu ilə bağlı araşdırmalar, genetik faktorların insanların davranış meyillərinə təsir edə biləcəyini və bu faktorlar arasında ən çox araşdırılan MAO-A geninin aqressiv davranışla əlaqəli ola biləcəyini ortaya qoyur.  

MAO-A geni ilə aqressivlik arasındakı mürəkkəb əlaqəni daha yaxşı başa düşmək üçün daha çox tədqiqat lazımdır. Məhkəmələrdə genetik məlumatların istifadəsi ilə bağlı etik və hüquqi məsələləri daha ətraflı nəzərdən keçirmək vacibdir.  

 

Məhkəmə Tibbi Eksperti PhD., Dr.Ulviyyə Mustafayeva


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də