Azərbaycanda fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradılıb.
Modern.az xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.
Məlumata görə, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı səfirlikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə biləcəklər.
Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır.
Məlumata görə, Türkmənistanda konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Səsvermədə iştirakla əlaqədar seçicilər məlumatlandırılıb. Eyni zamanda səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.