Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 1,1 milyard dollar artaraq yanvarın 26-na olan məlumata görə 587,8 milyard dollara çatıb.
Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının materiallarında deyilir.
Hesabata görə, artım aktivlərin müsbət yenidən qiymətləndirilməsi hesabına baş verib.
Onun təsiri Mərkəzi Bankın fiskal qayda çərçivəsində xarici valyuta satışı üzrə əməliyyatlarının həcmini üstələyib.
Yanvarın 19-na olan məlumata görə, ehtiyatlar 586,7 milyard dollar həcmində qiymətləndirilir. Beləliklə, həftə ərzində onlar 0,2% artıb. Ümumilikdə, 2023-cü ildə Rusiyanın ehtiyatları 2,9% artaraq 2024-cü il yanvarın 1-nə 598,592 milyard dollar təşkil edib. Tarixi maksimum 643,2 milyard dollar 2022-ci il fevralın 18-də qeydə alınıb.
Ukraynada müharibə başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyası Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edərək, onun qızıl-valyuta ehtiyatlarının bir hissəsini dondurdu. Rusiya Federasiyasının Avropa İttifaqındakı daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kirill Logvinov deyir ki, gec-tez Qərbdə dondurulmuş Rusiyanın aktivləri geri qaytarılmalı olacaq.
Avropa Komissiyası dəfələrlə bəyan edib ki, Rusiya Mərkəzi Bankının ehtiyatlarından Ukraynanın ehtiyacları üçün mümkün istifadə imkanlarını öyrənir, lakin hələlik Aİ-də bu cür hərəkətlər üçün qanunvericilik bazası yoxdur. Bundan əlavə, Avropa İttifaqının hüquq xidməti bəyan edib ki, “Rusiya Federasiyasının dondurulmuş aktivlərinin 86%-nin harada yerləşdiyini heç kim bilmir”.
Bundan əvvəl Rusiya bankları 2023-cü ildə rekord gəlir əldə etmişdilər.