Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avtobus və velosiped zolaqlarının faydası: Evə 25-30 dəqiqə daha tez çatırıq

Avtobus və velosiped zolaqlarının faydası: Evə 25-30 dəqiqə daha tez çatırıq


Azərbaycanda bir müddət əvvəl bəzi küçələrdə avtobus zolaqları salınıb. Bu zolaqlarda ancaq ictimai nəqliyyat üçün istidadə edilən avtobusların hərəkətinə icazə verilir. Digər avtomobillərin bu zolaqdan istifadəsi qadağandır. 

 Məlumata görə, Bakı şəhərinin və Abşeron rayonunun küçələrində 21 avtobus zolağı mövcuddur. Şəxsi avtomobildən istifadə edənlər və taksi sürücüləri avtobus zolaqlarından şikayətçi olsalar da, ictimai nəqliyyatdan istifadə edənlər razıdır. 

 Avtobus zolaqlarının salınmasının məqsədi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin mənzil başına daha tez çatmasını təmin etməkdir. 

 Bəs, avtobus zolaqları çəkildikdən sonra ictimai nəqliyyatın fəaliyyətində müsbət nəticələr əldə edilibmi? 

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov Avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır:

 “Avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur. Yolların buraxılış imkanlarının artırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi və əks istiqamətə avtobus zolaqları təşkil edilib. Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılıb”.

 Tural Orucovun sözlərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən tərəfindən aparılan təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 25-30 dəqiqə qısalıb.

 

 Qeyd edək ki, Bakı şəhərinin bəzi küçələrində velisoped zolaqları da salınıb. Qurum rəsmisi velosiped yollarının salınması istiqamətində hazırlanmış layihədən də danışıb:

 “Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, şəhər mühitinin inkişafı, tıxac və sıxlıqların azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərində velosiped yollarının salınması istiqamətində hazırlanmış layihənin icrasına başlanılıb. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Ümumilikdə 3000 metr məsafədə müvafiq nişanlanma işləri aparılıb, yol nişanları quraşdırılıb.

 Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək. Növbəti mərhələdə avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılacaq. AYNA hərəkət iştirakçılarına qaydalara riayət etməyə və sürücülərə velosiped yollarına daxil olmamağa çağırış edir”. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də