Xankəndi şəhərində olan təcili tibbi yardım briqadamız Qarabağın bronxial astma xəstəliyindən əziyyət çəkən 58 yaşlı erməniəsilli sakininə köməklik göstərib.
Təcili tibbi yardım briqadası tərəfindən ona dərhal venadaxili infuzion terapiya ("sistem" köçürülməsi) edilib. Daha sonra vəziyyəti düzələn sakin Real TV-nin əməkdaşı ilə söhbət edib.
O bildirib ki, Ermənistan ona lazım deyil. "Mən azərbaycanlılardan razıyam. Burada Azərbaycan sakini olmaq istəyirəm. Mən Bakıda da olmuşam. Qohumlarım orada yaşayırdı".
"Bacım sakit çıxıb gedib. Samvel Babayan da bizim qonşuluqda yaşayırdı. Onlar da mənə demədən getdilər. Gedərkən Samvel Babayan gəldi ki, sənə konyak gətirmişəm. Mən də ondan kompot istədim. O gedəndən sonra onun evinə də girmişdim. Orada bahalı mebellər, qablar vardı. İndi Bako Saakyan Arayik Harutyunyanla bir yerdə oturub. Onları ac saxlamaq, güllələmək lazımdı".
O qeyd edib ki, Qarabağdan gedənlər indi Ermənistanda aclıqdan ölürlər.
"Orada balaca evlərdə yaşayırlar. Verilən pul heç onların kommunal xərclərini ödəmir. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. O məni qaz, su, işıqla təmin edir", - deyə erməniəsilli sakin bildirib.