Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada nikbinlik, Ukraynada korrupsiya - Müharibənin ikinci ili başa çatır...

Rusiyada nikbinlik, Ukraynada korrupsiya - Müharibənin ikinci ili başa çatır...


Ukraynada Rusiyanın apardığı işğalçı müharibə ikinci ilinə yaxınlaşır.

 Döyüşlər müxtəlif cəbhələrdə davam edir, Qərbdə isə Ukraynaya hərbi yardımla bağlı müzakirələr aparılır.

 

Pilotsuz uçuş aparatları ilə hücumlar

 

Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, bazar günü axşam Rusiya pilotsuz uçuş aparatları (PUA) və raketlərlə Ukrayna ərazisinə hücum edib. Bildirilir ki, dünən saat 18:30 radələrində Dnepropetrovsk vilayətində İran istehsalı “Şahed” pilotsuz uçuş aparatları görünüb. Zaporojye, Xerson vilayətlərində, eləcə də Kiyev istiqamətində PUA-larla hücum edildiyi bildirilir. Odessa, Vinnitsa, Jitomir və Xmelnitski vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

 

Rusiya Müdafiə Nazirliyi də bazar ertəsi səhər saatlarında Bryansk vilayətində Ukraynaya məxsus PUA-nın vurulduğunu açıqlayıb.

 

 

Ukrayna üçün "artilleriya koalisiyası"

 

Fransa Ukrayna üçün 78 ədəd "Sezar" artilleriya sistemi istehsal etməyi planlaşdırır. Silahların altısı yaxın gələcəkdə Ukraynaya çatdırılacaq. Artilleriya silahları üçün hər ay üç min 150 mm-lik mərmi tədarük ediləcək. 

 

Yanvarın əvvəlində Parisdə Ukrayna artilleriyasını gücləndirmək üçün yeni beynəlxalq qrup yaradılıb.

 

"Artilleriya koalisiyası"nın ilk iclasında 22 ölkə iştirak edib. İclasda Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları və Ukrayna ordusuna uzunmüddətli dəstəyin zəruri sahələri müzakirə edilib.

 

“Rusiyanın hərbi-sənaye kompleksi zavodlarının istehsal imkanlarını genişləndirməsi, bəzi ölkələrdən sursat və raketlər alması Kremlin aqressiv planlarından əl çəkməyəcəyini göstərir. Cavabımız güclü olmalıdır”, - Ukrayna müdafiə nazirinin müavini Qavrilok vurğulayıb.

 

Yunanıstanın siyasi və hərbi rəhbərliyi isə köhnəlmiş silah sistemlərinin Ukraynaya verilməsini təsdiqləyib. Bu barədə Yunanıstanın "Kathimerini" nəşrinə yazır. Bildirilir ki, Yunanıstan ordusu tərəfindən artıq istifadə olunmayan köhnəlmiş sistem və avadanlıqların Ukraynaya təhvil verilməsi üçün lazımi göstərişlər verilib.

 

Bir neçə gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken Yunanıstanın baş naziri Kiriakis Mitsotakisə 200 milyon dollarlıq yardım müqabilində Ukraynaya silah təhvil verilməsi və ya satılması təklifi ilə məktub göndərib.

 

Açıq mənbələrə görə, Yunanıstan Tor, Osa, S-300 hava hücumundan müdafiə sistemləri, həmçinin ZU-23-2 zenit silahları var. 

 

 

Kremldə nikbinlik var...

 

Kreml Rusiya ordunun Ukraynanın əks-hücumunun qarşısını almaqda əldə etdiyi uğurlardan ruhlanır. Amerikanın "Washington Post" qəzeti belə yazıb. Nəşr bildirib ki, həm Vaşinqtonda, həm də Brüsseldə Kiyevin maliyyələşdirilməsi məsələsi ilə bağlı çıxılmaz vəziyyət yarandığından, Ukrayna ordusu cəbhədə heç bir ciddi uğur əldə etmədiyindən Rusiya elitaları özlərini xeyli nikbin hiss etməyə başlayıblar.

 

Moskvanın fikrincə, ABŞ-ın İsrailin Qəzzadakı əməliyyatına verdiyi dəstək Vaşinqtona dünyanın bir çox yerində ziyan vurub və onun qlobal mövqeyini sarsıdıb. Onlar hesab edirlər ki, Çinlə ticarətin artması, İranla hərbi əməkdaşlıq, ərəb dünyasında diplomatik təmaslar və BRİKS blokunun genişlənməsi ilə Rusiyanın dünyadakı qlobal mövqeyi yaxşılaşıb.

 

Qəzet yazır ki, Rusiyanın iqtisadi və hərbi mövqeyinin sabit olduğuna dair inam Vladimir Putinin martda keçiriləcək prezident seçkiləri ərəfəsində ölkə daxilində mövqelərini gücləndirib. “Rusiya elitasında müəyyən konsolidasiya var. Gələcəkdə vəziyyətin Rusiyanın xeyrinə dəyişəcəyi gözləntiləri var”, - qəzet ölkənin diplomatik dairələrinə yaxın şəxsə istinadən bildirir.

 

Ukrayna ordusunda korrupsiya və rüşvətə qarşı mübarizə 

 

Ukrayna Müdafiə Nazirliyi ərazi çağırış və sosial dəstək mərkəzlərində (hərbi çağırış və komandirlər) plandankənar yoxlamalar aparır. Nazir Rüstəm Umerov bir çox qanun pozuntularının müəyyən edildiyini açıqlayıb.

 

“Müdafiə Nazirliyinin komandası bütün çatışmazlıqları sistematik şəkildə düzəltmək üçün çalışır”, - deyə Umerov sosial media hesabında yazıb. Nazir Ukrayna Təhlükəsizlik Xidmətinə, Dövlət İstintaq Bürosuna və Baş Prokurorluğa “koordinasiyalı əməkdaşlığa və peşəkar işə” görə təşəkkür edib. 

 

Bundan başqa, hərbi hissələrdəki ərzaq anbarlarında plandankənar yoxlamalar aparılır. 50 milyon qrivna dəyərində ərzaq ehtiyatlarının çatışmazlığı müəyyən edilib. Ukraynanın baş prokuroru Andrey Kostin yanvar ayında bildirib ki, 2023-cü ilin sonunda ölkədə hərbi qeydiyyat sahəsində korrupsiya ilə bağlı 220 cinayət işi açılıb. Bu, 2022-ci illə müqayisədə dörd dəfə çoxdur. Ukrayna Müdafiə Nazirliyinin 7 vəzifəli şəxsi barəsində də iş açılıb.

 

Ukrayna Müdafiə Nazirliyinin keçmiş və indiki idarə rəisləri, Lvov Arsenal şirkətinin menecerləri və xarici şirkətin nümayəndəsi minaatan mərmilərinin alışından 1,5 milyard qrivna (təxminən 40 milyon dollar) oğurlamaqda günahlandırılır.

 

İstintaqın məlumatına görə, 2022-ci ilin avqustunda, yəni müharibə artıq davam edən zaman məmurlar Lvov Arsenalı ilə artilleriya mərmilərinin bir partiyasının alınması üçün müqavilə bağlayıblar. Pulları aldıqdan sonra şirkət rəhbərliyi vəsaitin bir hissəsini Ukraynaya sifariş edilmiş sursatları verməli olan xarici şirkətin balansına köçürüb. Ancaq sursatlar göndərilməyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də