Mart ayının 3-ündə 11-ci siniflərin, martın 17-də isə 9-cu siniflərin buraxılış imtahanı başlayacaq.
Bu il işğaldan azad edilən ərazilərdə buraxılış və qəbul imtahanlarının keçirilib-keçirilməyəcəyi, eləcə də Zəngilan və Laçına köçən şagirdlərin buraxılış və qəbul imtahanlarını harada verəcəyi maraq doğurur.
Mərkəzin mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, artıq imtahan günləri bəllidir, rayon və şəhərlər üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki isə fevralda açıqlanacaq:
“Hazırda buraxılış imtahanlarının rayon və şəhərlər üzrə qrafikləri dəqiqləşdirilir. İmtahanlar mart-aprel aylarında olacaq və konkret tarixlər elan edilib. Çox güman ki, fevralın əvvəlində yerlərlə bağlı məlumat paylaşılacaq.
Ötən il Zəngilanın Ağalı kəndində imtahan keçirmişdik. Orada müasir məktəb tikilib istifadəyə verilib. Bu il də işğaldan azad olunmuş ərazilərdə, harada ki, insanlar artıq məskunlaşıb və məktəb də istifadəyə verilib, orada mərkəz tərəfindən buraxılış imtahanları keçirmək nəzərdə tutulub".
Qeyd edək ki, ötən ilin mart ayında Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahan idi.