Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda tramvay hansı küçələrdən keçəcək? - XƏRİTƏ

Bakıda tramvay hansı küçələrdən keçəcək? - XƏRİTƏ


Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

 Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.

 Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

 

Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir. (Daha ətraflı aşağıdakı cədvəldə)

 

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə də tramvayların bərpa edilməsinin tərəfdarıdır: 

 

“Əslində etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir. Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”.

 

Nəqliyyat üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb. Təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə - Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir.


Həmçinin metronun "İçərişəhər” və "28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilə bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də