Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran birbaşa hücuma başladı: Avropa təhlükə altında

İran birbaşa hücuma başladı: Avropa təhlükə altında


İran tərəfindən dəstəklənən husi qiyamçılarının Qırmızı dənizdə Yunanıstana məxsus gəmini vurmasından sonra ABŞ ordusu dünən Yəmənə yeni zərbələr endirib.
Yunanıstana məxsus Malta bayrağı altında üzən yük gəmisi Yəmənin Salif limanından 76 dəniz mili şimal-qərbdə, Qırmızı dənizdə şimala doğru hərəkət edərkən raketlə vurulub. Husilərin hərbi sözçüsü Yəhya Sare də məlumat təsdiq edib. O, "Zografia" adlı gəmiyə dəniz raketlərindən istifadə edərək hücum etdiklərini bildiriblər.

Yunan mətbuatı yazır ki, "Zografia" gəmisində 24 heyət üzvü olub, gəmi Vyetnamdan İsrailə üzərkən hücuma məruz qalıb.  Gəmidə hər hansı bir yükün olmadığı bildirilir. Hücum zamanı xəsarət alan olmayıb, yalnız maddi ziyan dəyib. Gəminin hərəkətə davam etdiyi və marşrutu dəyişdiyi qeyd olunur.


Husilərə cavab verilir


Buna cavab olaraq ABŞ Yəmənə ballistik raketlərlə hücum edib. Ağ Evin sözçüsü Con Kirbi deyib ki, Amerika hücumları genişləndirmək fikrində deyil. "Husilərin hələ də düzgün seçimi etmək üçün vaxtları var, yəni bu ehtiyatsız hücumları dayandırmaq lazımdır", - o əlavə edib.

Husilər İsraillə müharibədə olan HƏMAS hərəkatı ilə həmrəylik nümayiş etdirdiklərini deyirlər. Qruplaşma Amerika və Britaniyanın Yəmənə zərbələr endirməsinə cavab olaraq hücumları ABŞ gəmilərini də əhatə edəcək şəkildə genişləndirəcəklərini açıqlayıblar.

ABŞ prezidenti Co Baydenin administrasiyası qruplaşmanın maliyyələşdirilməsini və silah təchizatını dayandırmaq məqsədilə Husi qiyamçılarını yenidən terror təşkilatları siyahısına salmağı planlaşdırır. 2021-ci ildə Bayden administrasiyası keçmiş prezident Donald Trampın qərarını ləğv edərək Husiləri terrorçuların siyahısından çıxarmışdı.



Dünya iqtisadiyyatı təhlükə altında...

Husilərin noyabr ayından bəri bölgədəki gəmilərə hücumları bir çox şirkətlərə təsir edib. Dubayda yerləşən nüfuzlu "DP World" logistika şirkəti Qırmızı dənizdəki vəziyyətə görə Avropanın idxalında fasilələrin olacağını gözlədiklərini açıqlayıb.

"Asiyadan Avropaya malların daşınması dəyəri xeyli yüksək olacaq. Avropalı istehlakçılar ağrını hiss edəcəklər... Bu, inkişaf etməkdə olan iqtisadiyyatlardan daha çox inkişaf etmiş ölkələrə zərbə vuracaq”, - şirkət rəsmilərindən biri deyib. Sığorta şirkətləri də ağır yük altına düşə biləcəklərini qeyd edirlər.

İspaniyada yerləşən Fransanın şin istehsalçısı "Michelin"ə məxsus dörd fabrik bu həftə sonu yenidən hasilatı dayandırmağı planlaşdırır, buna səbəb xammalın çatdırılmasında gecikmələrin yaşanmasıdır. Sözügedən xammal Qırmızı dəniz vasitəsilə daşınır. Yaponiyanın "Nippon Yusen" gəmi operatoru Qırmızı dəniz yaxınlığındakı gəmilərinə təhlükəsiz sularda gözləməyi tapşırıb. Şirkət marşrutu dəyişməyi nəzərdən keçirir.

Böyük Britaniyanın neft şirkəti "Shell" də Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırıb.  ABŞ-ın neft şirkəti "Chevron" isə Qırmızı dəniz vasitəsilə daşıma marşrutlarını saxladığını bildirib. Rusiyaya məxsus "Sovcomflot" tanker qrupu böhranın kəskinləşəcəyi təqdirdə alternativ yolları nəzərdən keçirəcəyini bildirib.

Konteyner gəmiləri Asiyadan Avropaya ən sürətli keçid olan Qırmızı dənizə daxil olmağa çəkinir. Gəmilər ya burada dayanır, ya da yönünü dəyişir. Əksər gəmilər Cənubi Afrikanın Ümid burnu ətrafında dövrə vurmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, dünya gəmiçiliyinin təxminən 12%-i Qırmızı dəniz vasitəsilə Süveyş kanalında keçir. Misir rəsmiləri kanaldan tranzitin dayandırılmasının "müvəqqəti" olduğunu və kanaldan keçən nəqliyyatın "normal qaydada davam etdiyini" bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də