Yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali dini şurasının sədri, Şeyx Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
QMİ-dən verilən xəbərə görə, qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Faiq Nəbiyevi yeni vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib, xeyir-dualarını çatdırıb. Dəvətini qəbul edərək Azərbaycana səfərə gəldikləri üçün nümayəndəyə heyətinə minnətdarlığını bildirib.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq münasibətləri əsasında formalaşdığını vurğulayaraq bu gün hər iki dövlət başçısının siyasi iradəsi ilə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Gürcüstan Müsəlmanları İdarəsinin yeni rəhbərliyinin bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.
QMİ-nin Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini daim diqqətə saxladığını bildirən Şeyxülislam həzrətləri onların rahat şəkildə ibadətlərini və dini ayinlərini həyata keçirmək üçün kitablar çap olunduğunu qeyd edib, mənəvi dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.