Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən xətdə olan köhnə avtobuslarla bağlı açıqlamasında bildirilib.
Agentlikdən verilən məlumatda qeyd olunub ki, hazırda hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara verilməsi və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var:
“Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib”.