2020-ci ildə Bakıda əhalinin sayı 2 milyon 630 min nəfər olub. Əlavə 300 min nəfər var, onlar tələbə, məcburi köçkün və digər regionlardan gələnlərdir.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.
O qeyd edib ki, əhalinin təbii artımı ilə bağlı məsələ fərqli olub. Belə ki, 2010-cu ildə Bakıda artım illik 1,014 faiz idi, 2020-ci ilə doğru bu göstərici 0,75 faizə düşüb:
"Tək bizdə deyil, bütün dünyada əhali artımı məsələsində azalma gedir. Biz illik artımı 0,75 götürməklə hesabata 3 milyon 70 min əhali sayı qeyd etdik. Əlavə 100 min nəfər nəzərdə tutaraq yekun hesabatda Bakı əhalisinin sayını 3 milyon 170 min nəfər olaraq təqdim etmişik”.